BAKI, 6 may. TELEQRAF
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqədim edirik:
- Elmar müəllim, iddia olunur ki, Zəngəzur dəhlizi və digər kommunikasiya xətləri açılmadan Azərbaycanla Ermənistan arasında hər hansı razılaşma mümkün olmayacaq. Bu məntiqi nə dərəcədə əsaslı hesab etmək olar? Çünki Azərbaycan tərəfi bir müddət öncə kommunikasiya xətləri ilə bağlı məsələnin sülh razılaşmasından çıxarıldığını, ayrıca müzakirə olunacağını açıqlamışdı...
- Sözsüz ki, kommunikasiya xətləri ilə bağlı əldə olunan irəliləyiş sülh sazişinin də qısa zamanda imzalanmasına təkan verə bilər. Amma burada rəsmi Bakı tərəfindən irəli sürülən ilkin şərtlər var. Bu, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiası və ATƏT-in Minsk Qrupundan imtina ilə bağlıdır. Əslində, indiki halda Minsk Qrupunu saxlamağa ehtiyac yoxdur. Ermənistan konstitusiyası isə mütləq dəyişdirilməlidir. Bu, baş verməsə sülh sazişinin imzalanacağı ehtimal edilmir. Təbii ki, bu halda regional kommunikasiya xəttlərinin, konkret olaraq Zəngəzur dəhlizinin açılması prosesin irəli aparılmasına impuls ola bilər.
- Hazırda sülh məsələsindəki tərəddüdlər nə ilə bağlıdır?
- Əslində, sülh mətni üzərindəki razılaşma böyük nəticə idi. Amma yekun sülh üçün Bakının tələb etdiyi fundamental şərtlər təmin edilməlidir. Çünki bu gün Nikol Paşinyan baş naziri kimi Ermənistan adından razılaşmaya imza atsa da, bunun sonrakı taleyi ilə bağlı heç bir zəmanət yoxdur. Post-Paşinyan dövründə bu sənədin mahiyyəti sual altına düşər bilər. Yeni İrəvan Administrasiyası iddia edə bilər ki, bu, Ermənistan konstitusiyasına ziddir və s. Ona görə də fundamental sülh üçün Bakının irəli sürdüyü şərtlər yerinə yetirilməlidir. Çünki onlar hələ də Qarabağa qarşı iddia ilə çıxış edir, bunun üçün isə konstitusiyaya və müstəqillik bəyannaməsinə istinad olunur.
- Əldə edilən razılaşmalar əsasında ilkin addım kimi çərçivə sazişinin imzalanması ehtimalı varmı?
- Razılaşdırılmış sənədlərin paraflanması, yəni, hər iki tərəfdən təsdiqlənməsi mümkündür. Bununla tərəflər sülhə dair öz mövqelərini bir daha ifadə edirlər. Yekun razılaşma isə ancaq Ermənistan konstitusiyası dəyişdirildikdən sonra mümkün olacaq.
- Hansısa ölkənin moderatorluğu ilə tərəflərin sülh masasına oturması gözlənilirmi?
- Üçüncü tərəfin iştirakı ilə əldə olunacaq razılaşma onun da öz mövqeyini və təsir imkanlarını ortaya qoyması deməkdir. Kreml iddia edəcək ki, biz bu prosesdə çox əziyyət çəkmişik, ona görə də, razılşamanın Moskvada imzalanması daha məqbuldur. Qazaxıstan da Almatı görüşünü misal gətirib, tərəfləri öz ərazisinə çəkməyə çalışacaq. Brüssel və Vaşinqton da vaxtilə onların iştirakı ilə baş tutan görüşlər fonunda sülh sazişinin onların moderatorluğu ilə imzalanmasını istəyəcək. Amma ən optimal variant Azərbaycan-Ermənistan sərhəddində sülh sazişinin imzalanmasıdır.
- İrəvanın Minsk Qrupunu sona kimi saxlamaqda məqsədi nədir?
- İddia edirlər ki, yekun razılaşmadan sonra Minsk Qrupunu saxlamağa ehtiyac qalmayacaq. Bu halda Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciət edəcəklərini bildirirlər. 1992-ci ildən formalaşdırılmış bu təşkilat Azərbaycanla Ermənistan arasındakı konflikti aradan qaldırmağa məsul idi. Amma missiyasının öhdəsindən gələ bilmədi.
- İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Araz dəhlizinin açılması region üçün nə vəd edir?
- Araz dəhlizi Naxçıvana gediş-gəliş üçün yaxşı imkandır. Bu, sözsüz ki, Zəngəzur dəhlizi üçün alternativ deyil. Amma imkanların daha çox olması faydalıdır. Bu, Türkiyə ilə Avropaya çıxış üçün bu mühüm yollardan biri olacaq.