AZ

Azərbaycanda robotlar məmurları əvəz edəcək?– AÇIQLAMA

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Fazil Mustafa Ajans.az-a bildirib ki, dünyada formalaşan inkişaf tendensiyaları süni intellektə əsaslanan idarəetmə modellərinin artıq tətbiq olunmağa başladığını göstərir: “Necə ki, vaxtilə elektron hökumət sistemi tətbiq olunanda bir çoxları bunun mümkünlüyünə inanmırdı, indi isə bu, reallıqdır. Lakin Azərbaycanda istər elektron hökumət, istərsə də Boloniya prosesi kimi təşəbbüslərin uğurlu tətbiqi üçün əvvəlcə lazımi baza formalaşmalıdır. Əks halda bu cür mexanizmləri effektiv şəkildə hərəkətə gətirmək mümkün olmur. Məsələn, Boloniya prosesi ölkəmizdə faktiki olaraq uğursuz oldu və onun faydalı nəticələr verdiyini demək çətindir. Bu baxımdan, süni intellektin və elektron idarəetmə modelinin tətbiqinə də fərqli və daha kompleks yanaşma tələb olunur”. Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə isə hesab edir ki, dövlət qulluqçularının süni intellektlə əvəz olunması Azərbaycanın mövcud reallıqlarında mümkün deyil: “Bu yanaşma, bəlkə də, ABŞ kimi inkişaf etmiş ölkələrdə bəzi sahələrdə tətbiq oluna bilər. Ancaq Azərbaycanda bu məsələ hələ ki real görünmür. Çünki biz hələ elektron hökumət və sənədləşmə sahəsində istənilən səviyyəyə çatmamışıq. Belə bir şəraitdə süni intellektin dövlət məmurunu əvəz etməsi nəinki çətin, hətta qeyri-mümkün görünür. Bu texnologiyalar əsasən inkişaf etmiş, cəmiyyəti maarifləndirmə baxımından irəlidə olan ölkələrdə tətbiq edilə bilər. Azərbaycanda isə öncə təhsil sistemi dünya standartlarına uyğun qurulmalıdır. Universitet məzunları qlobal elmlə ayaqlaşa biləcək səviyyədə olmalıdırlar. Hazırda ölkədə təhsilin vəziyyəti elə durumdadır ki, işə qəbul zamanı namizədin xaricdə təhsil alması üstünlük kimi qəbul olunur. Bu isə yerli təhsil sistemimizin zəifliyindən xəbər verir.
Elm və təhsilin bu qədər zəif olduğu bir mühitdə süni intellektin məmuru əvəz etməsi nə dərəcədə mümkündür? Süni intellektin idarəetmə üçün cavab verə biləcəyi texniki parametrlər mövcud olsa belə, o sistemi idarə edəcək insan resursu həmin səviyyəyə cavab verə bilmirsə, proses uğursuz olacaq. Ona görə də ilk növbədə dünya ilə ayaqlaşa bilən bir təhsil sistemi qurulmalıdır. Bundan sonra bu kimi texnoloji yeniliklərin tətbiqi barədə düşünülməlidir’’.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
0
Ajans.az

1Mənbələr