“Oktyabrın 7-dək İsrail kəşfiyyat xidmətləri Husilərin Ənsarallah qruplaşması haqqında faktiki olaraq heç bir məlumata malik deyildi”. Bu barədə məlumat verən Mako saytı yazır ki, indinin özündə də yəmənli terrorçular haqqında kəşfiyyat məlumatlarının əldə edilməsi ilə bağlı vəziyyət çox az dəyişib. Mako qeyd edir ki, ABŞ kəşfiyyat orqanları uzun illər Yəmən ərazisində Əl-Qaidə terrorçuları ilə mübarizə aparmasına və bölgədə ərəb müttəfiqlərinin olmasına baxmayaraq, Ənsarallahla bağlı heç bir ciddi məlumatlar əldə edə bilməyib. Husilərə qarşı aparılan işlərə onların hərbi obyektlərinin geniş əraziyə səpələnməsi də mane olur. İsrail hazırda Husi rejiminin iqtisadi imkanlarına zərbə vurmağa çalışır və mayın 6-na keçən gecə İsrailin Hodeyda limanına və onun yaxınlığında yerləşən sement zavoduna edilən hücum da bu məqsədlə edilmişdi. Bu fonda Husi hərbi komandanlığındakı mənbələr Livanın “Əl-Əxbar” qəzetinə bildiriblər ki, Yəmən yaxın günlərdə İsraildəki hava limanlarına və digər strateji infrastruktur obyektlərinə zərbələri gücləndirəcək. Mənbələr qeyd ediblər ki, bu mərhələdə Ben Qurion hava limanına, eləcə də Hayfadakı mülki hava limanına və dəniz limanına xüsusi diqqət yetiriləcək.
Surxay Əliyev