AZ

"İmişli" "ASCO Arena" ilə müqavilə bağlamayıb - İdarə Heyətinin sədri açıqladı

Növbəti mövsüm üçün Premyer Liqaya vəsiqə qazanan "İmişli" klubu stadion probleminə çarə axtarır. Bir müddət əvvəl komandanın Bakıda məskunlaşacağı və ev oyunlarını "ASCO Arena"da keçirəcəyi haqda xəbər yayılsa da, məsələ hələ təsdiqini tapmayıb.

“İmişli” klubunun İdarə Heyətinin sədri Aqşin Mürsəlov bu barədə Fanat.Az-a açıqlamasında məlumat verib: 

"Açığı, hələ "ASCO Arena" ilə müqavilə bağlamamışıq. Ümumiyyətlə, Premyer Liqa hazırlığı istiqamətində təşkilati işlərə start verməmişik. Əvvəla, çempionat hələ başa çatmayıb. Digər tərəfdən, lisenziyalaşma ilə bağlı yekun qərarı gözləyirik. Mayın 8-də AFFA-da yekun iclas olmalıdır. Lisenziyalaşma və idman nəticələri yönündə çalışmalarımızı davam etdiririk. Lisenziyalaşmanın nəticəsinə uyğun olaraq, klubun İdarə Heyəti bir araya gəlib qərar verəcək. Kamran müəllimlə (klubun baş sponsoru olan “RDC Group”un rəhbəri Kamran Eyyubov - M.) görüşümüz olacaq. 

Çox istəyirik ki, Premyer Liqadakı oyunlarımızı İmişlidə keçirək. Azarkeşlərimizi itirmək istəmirik. Bildiyiniz kimi, I Liqada çempionatın gedişində bir müddət Saatlı Olimpiya Kompleksində oynadıq. Müşahidə etdik ki, azarkeşlər 26 kilometr məsafəni gəlib qonşu rayonda komandanı dəstəkləmir. Belədə Bakıya necə gələcəklər? 
Ot örtüyünün yenilənməsi ilə bağlı AFFA-dan dəstək gözləyirik. Stadionu süni örtüyə də çevirib oynamaq olar. Amma bunu arzulamırıq. Elədə hər şey məhv olacaq. Çünki arenanın ideal drenaj və suvarma sistemləri var. Süniyə keçsək, bir də təbiiyə qayıtmaq mümkün olmayacaq".  

Bizimlə söhbət əsnasında klub funksioneri azarkeşləri müjdələdi: "I Liqadakı son ev oyunumuzda xüsusi tədbir keçirməyi planlaşdırmışıq. 26-cı tur çərçivəsində mayın 16-da "Baku Sportinq"lə oyunu təmtəraqlı təşkil edəcəyik. Azarkeşlərə minnətdarlıq borcumuzu bu şəkildə ödəmək istəyirik". 

Mirağa

Seçilən
0
fanat.az

1Mənbələr