Məşhur AnTuTu test platformasının tərtibatçıları Apple cihazları üzrə istifadəçi məmnuniyyəti reytinqinin aprel buraxılışını açıqlayıblar.
News24.az xəbər verir ki, siyahının lideri A14 Bionic çipinə sahib iPad Air olub – bu planşetdən istifadə edənlərin 96,61%-i cihazdan razıdır. İkinci yerdə isə Apple M4 çipli 11 düymlük iPad Pro qərarlaşıb.
Ən maraqlısı isə odur ki, Apple tərəfindən uğursuz sayılıb satışdan çıxarılan iPhone 12 mini üçüncü yerdə qərar tutub. Bu model bir neçə aydır ki, istifadəçi razılığına görə ilk üçlükdə qalır. İstifadəçilərin 95,8%-i bu cihazdan razıdır, baxmayaraq ki, satışları aşağı olduğu üçün Apple mini modellərdən imtina edib.
Dördüncü yerdə 2022-ci il iPhone SE (95,03%), beşinci yerdə isə M1 çipli 11 düymlük iPad Pro (94,95%) yer alır. Onları A12Z Bionic çipli 12,9 düymlük iPad Pro (94,81%) izləyir.
Yeddinci yerdə isə hazırkı nəsil iPhone-lar arasında yeganə təmsilçi olan iPhone 16 modeli yer alır (94,29%). Səkkizinci yerdə M1 çipli iPad Air (93,71%) qərarlaşıb.
Siyahını bağlayanlar isə 12,9 düymlük iPad Pro modelləridir: biri A12X Bionic (93,33%), digəri isə M1 çipli versiyadır (93,13%).
AnTuTu qeyd edib ki, bu reytinq cihazların texniki göstəricilərinə əsaslanmır, yalnız istifadəçi rəyləri və məmnuniyyət səviyyəsinə görə hazırlanıb. Daha çox müsbət və yüksək reytinqli rəy – daha yüksək nəticə deməkdir.
Məryəm İlhamqızı