AZ

Nazir müavini: Ölkəmizdə ipəkçiliyin inkişafı üçün böyük potensial mövcuddur

Qax, 6 may, Mustafa Dadaşov, AZƏRTAC

Baramaçılıq kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli, məşğulluğun artırılmasına töhfə verən istehsal sahələrindən biri sayılır. Bu səbəbdən baramaçılığın ölkəmizdə inkişaf etdirilməsi qarşımızda prioritet vəzifələrdən biri kimi müəyyən edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov mayın 6-da Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya nəticəsində əldə olunan ipəkqu toxumlarının kümçülərə paylanılması ilə bağlı keçirilən tədbirdə media nümayəndələrinə açıqlamasında bildirib.

Nazir müavini deyib: “Ölkəmizdə ipəkçiliyin inkişafı üçün böyük potensial mövcuddur. Prezidentin tapşırıqlarına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir. Bu il barama mövsümünün başlaması ilə əlaqədar Çin Xalq Respublikasından 5000 qutu ipəkqurdu toxumu tədarük edilərək, Qax Damazlıq İşəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Eyni zamanda, stansiyada 1000 qutu hibrid ipəkqurdu istehsal edilib. Bu günədək ümumilikdə 6000 ipəkqurdu toxumunun 5500 ədədi inkubasiyadan sonra kümçülərə paylanıb və hazırda proses davam edir. Hesab edirik ki, 2025-ci il barama mövsümü kümçülərimiz üçün uğurlu olacaq. Onlar daha çox yaş barama istehsal edərək tədarük məntəqələrinə təhvil verəcək və daha çox gəlir əldə etmiş olacaqlar”.

 

Seçilən
0
3
azertag.az

4Mənbələr