AZ

İran Pezeşkian dönəmində vurulacaq?

“Hələ deputat olduğu zamanda molla hökumətinin həm xarici, həm daxili, xüsusən sosial-iqtisadi siyasətini sərt tənqid etmiş Məsud Pezeşkian prezident postunda da öz missiyasını davam etdirir”. 

Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib. Onun sözlərinə görə, məhz bu səbəbdən də “dərin dövlət” həkimin prezidentliyə yolunu açıb: 

“Pezeşkian xüsusən son 5 ildə dalana dirənmiş İranın vəziyyətini düzəltməli, xarici siyasətdə Qərblə, bölgə dövlətləri ilə yaranmış gərginliyi yumşaltmalıdır. “Sülhprəvər” Pezeşkian molla rejimi üçün bir fürsətdir. O, molla rejiminin zaman qazanmasını təmin etməlidir. 

İranın ali dini lideri Əli Xameneyi rejimi nüvə silahını əldə etməyi qarşıya məqsəd qoyub. Ehtimal belədir ki, İran bu hədəfə xeyli yaxınlaşıb. Sadəcə zaman qazanıb İranı nüvə dövlətinə çevirmək istəyirlər. Bunu isə Qərb, ABŞ və İsrail istəmir”. 

Ekspert bildirib ki, İranın nüvə silahına sahib olması regionda, bütövlükdə dünyada sülhü təhdid edən bir faktora çevrilə bilər: 

“İranın nüvə dövlətinə çevrilməsi bizim də maraqlarımıza cavab vermir. Rəqiblərinin İranla bağlı mövqeyi birmənalı deyil. İsraildən olsa, İrana qarşı əməliyyatlar qısa zamanda başlanmalıdır. ABŞ bu məsələdə tərəddüd edir. 

Çünki “İran bataqlığı”nın nəticələrini kimsə hesablaya bilməz. 90 milyonluq, zəngin tarixi keçmişə malik İran İraq və Suriya deyil. İrana qarşı əməliyyatlar planında ortaq nöqtələr də var. Nə ABŞ, nə İsrail İrana qarşı quru hərəkatını arzulayır. Çünki İranın Quru Qoşunları çox güclüdür. 

Hər iki tərəf İranın bəlli həssas nöqtələrinə hava və raket zərbələrini nəzərdən keçirir”. Həmsöhbətimiz diqqətə çatdırıb ki, ABŞ İsrail kimi “tətikdə deyil” və İran qarşı hərbi əməliyyatlara tələsmir: 

“Lakin ABŞ Prezidenti qeyri-standart qərarları ilə tanınan Donald Trampdır. Sabah onun nə qərar verəcəyini proqnozlaşdırmaq mümkün deyil. İstənilən halda, Pezeşkian iqtidarı dönəmində İranın “öz qınına çəkilmə” siyasəti davam edəcək. İranın proksi qüvvələri böyük ölçüdə məhv edilib. 

Bu proses davam edəcək. Qərbdən SEPAH-a qarşı sərt tutum qərarı çıxsa, o zaman durum kəskin dəyişəcək. Məsud Pezeşkianın bu səlahiyyətlərlə ciddi dəyişikliyə nail olacağını düşünmürəm. Amma həkimi tamam gözardı etmək də düzgün deyil. Onun indi geniş səlahiyyətləri yoxdur. Vilayəti -fəqih rejimi ortadan qaldırılarsa, Pezeşkian İran elitasının ciddi fiquruna çevriləcək”. 

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr