BAKI, TurkicWorld
Portuqaliya 18 min əcnəbini deportasiya etmək üçün rəsmi prosedura start verib.
TurkicWorld xəbər verir ki, Portuqaliya hökuməti ölkədə qanunsuz şəkildə yaşayan 18 minə yaxın əcnəbi vətəndaşın deportasiyası ilə bağlı rəsmi bildirişlər göndərməyə başlayıb.
Proses mayın 18-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində elan edilsə də, rəsmi şəxslər bunun seçkilərlə əlaqəli olmadığını bəyan ediblər.
Nazirlər Şurasının rəhbəri António Leitão Amaro bildirib ki, ilk mərhələdə 4500 nəfərə 20 gün ərzində ölkəni könüllü şəkildə tərk etmələri üçün bildirişlər göndəriləcək. Qanuni tələblərə əməl etməyən şəxslərə qarşı isə deportasiya tədbirləri görüləcək. Bu prosesə İmmiqrasiya və Sığınacaq Agentliyi (AIMA) nəzarət edəcək.
Portuqaliyanın Baş naziri Luis Monteneqro bu tədbirləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın siyasətinə bənzətməklə bağlı müxalif tənqidləri rədd edib. O, bunun "çıxarılma deyil, qanuni bildiriş" prosesi olduğunu, qərarın isə immiqrasiya qanunvericiliyindəki dəyişikliklərə əsaslandığını vurğulayıb.
Qeyd edək ki, ölkədə immiqrasiya ilə bağlı ictimai narahatlıq artmaqda davam edir. Sərt anti-immiqrasiya ritorikası ilə tanınan ifrat sağçı Chega Partiyasının son seçkilərdə üçüncü gücə çevrilməsi də bu prosesə təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir. Son illərdə Lissabonda mənzil qiymətlərinin 30 faiz artması, immiqrantların sayının artması ilə birgə sosial gərginliyi artırıb.
Hazırda Portuqaliyada təxminən 1,5 milyon immiqrant yaşayır. Onların əksəriyyəti Braziliya, Cape Verde, Anqola və Hindistan kimi ölkələrdən gəlib. Rəsmi məlumatlara görə, immiqrantlar 2022-ci ildə ölkə iqtisadiyyatına 1,6 milyard avro töhfə versələr də, sosial yardım xərcləri 257 milyon avro təşkil edib.