BAKI, TurkicWorld
Port Sudanda arxa-arxaya partlayışlar - üsyançılar pilotsuz təyyarələrlə hücuma keçib.
TurkicWorld xəbər verir ki, Sudanın əsas liman şəhərlərindən olan Port Sudanda pilotsuz təyyarələrlə həyata keçirilən hücumlar nəticəsində silsilə partlayışlar baş verib.
Hücumlara görə məsuliyyəti Çevik Dəstək Qüvvələri (RSF) daşıyır. Limanda baş verən yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər, polis və tibbi briqadalar cəlb olunub.
Sudan ordusu bildirib ki, hücumlar hərbi qərargahları və strateji obyektləri hədəf alıb. Bəzi şahidlərin sözlərinə görə, şəhər mərkəzində yerləşən otel də vurulan obyektlər arasında olub. Hücumun ardından Port Sudan hava limanına bütün uçuşlar dayandırılıb.
Hökumət hələlik insan tələfatı barədə rəsmi açıqlama verməyib, lakin hava hücumundan müdafiə sistemlərinin işə salındığı və cavab tədbirləri görüldüyü bildirilir.
Qeyd edək ki, Sudanda ordu ilə RSF arasında 2023-cü ilin aprelindən bəri davam edən vətəndaş müharibəsi nəticəsində 150 min insan həlak olub, 13 milyona yaxın şəxs ölkə daxilində məcburi köçkünə çevrilib. Paytaxt Xartumun geri alınmasından sonra RSF-nin Port Sudana hücumlarının intensivləşdiyi müşahidə olunur. RSF özünü legitim hökumət elan etsə də, rəsmi Xartum bu iddianı rədd edir.