ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qan Turalı yazır...
Dünyada və eləcə də ölkəmizdə bir tendensiya müşahidə olunur: Sosial media assosiallığı... Sosial media xüsusilə də "Facebook", "X" kimi platformalar getdikcə daha çox üzv itirir, yaxud susan istifadəçilərin sayı sürətlə artır. İnsanlar artıq daha çox susub başqalarını izləmək üçün sosial şəbəkələrdən istifadə edirlər.
İlk abzasdakı fikirlər təkcə müşahidəyə yox, eləcə də statistikaya əsaslanır. Belə ki, 18-24 yaş arası istifadəçilərin 32%-i və 25-34 yaş arası istifadəçilərin 35%-i "Facebook"dan istifadələrini əhəmiyyətli dərəcədə azaltdıqlarını bildiriblər.
2021-ci ildə "Facebook" üçün aylıq qlobal axtarış sayı 1.08 milyard idi. 2025-ci ildə bu rəqəm 618 milyonadək düşüb, bu da 43% azalma deməkdir .
"Facebook" istifadəçilərinin platformada keçirdikləri orta gündəlik vaxt 30 dəqiqəyə enib, halbuki 2019-cu ildə bu rəqəm 58 dəqiqə idi.
Eyni tendensiyanı "X" platformasında da müşahidə edirik. Platformada istifadəçi aktivliyi azalmaqdadır. 2024-cü ildə bir paylaşım üçün orta bəyənmə sayı 37.8 idisə, 2025-ci ildə bu rəqəm 31.4-ə düşüb. Ən aktiv 10% istifadəçi platformadakı bütün paylaşımların 92%-ni həyata keçirir, yəni əksər istifadəçilər daha passiv mövqe nümayiş etdirir.
Əvəzində isə "TikTok" kimi videoya, "Instagram" kimi isə şəkillərə üstünlük verən platformalar güclənir. Bu tendensiyanın izaha ehtiyacı var.
Hər şeydən qabaq, xüsusilə "Facebook" və "X" əsas etibarilə yazılı paylaşımlar yer alır. İnsanlar isə getdikcə daha az yazı oxumağa can atırlar. Bundan əlavə hər iki platformada xəbərlər, neqativ aura, trollizm, eləcə də reklamlar insanları yormağa başlayıb.
Və bir də insanları ən çox polemikalar yorur. Çünki, bu platformalarda əsasən siyasi olmaqla, dini, fəlsəfi, ideoloji, futbol sahəsində döyüşlər gedir. Bir çox insan üçün isə bu yorucu bir məşğuliyyətdir. Çünki insanlar sosial şəbəkələrə istirahət etmək üçün gəlirlər, nəinki üçüncü sort fikirləri eşitmək üçün...
Fəlsəfənin qədim həqiqətlərindən biri də budur: "Həqiqət mübahisə zamanı ortaya çıxır". Antik fəlsəfədən bu yana aktual olan fikir süquta uğrayır, ya da redaktə edilir. Əvvəllər, insanlar elə güman edirdilər ki, vahid müzakirə məkanının varlığı ilə insanlar ortaq məxrəcə gələ, bir-birlərinə daha tolerant yanaşa biləcəklər. Ancaq sosial media bunun belə olmadığını ortaya qoydu.
Eləcə din ətrafındakı mübahisələrə nəzər salaq. Bu mübahisələr nəticəsində radikal ateistlər və radikal dinçilər yarandı. İŞİD bütün təbliğatını sosial şəbəkə üzərindən aparmırmı? Məhz sosial şəbəkə təbliğatı ilə bütün dünyada özünə mücahid toplamırmı?
Əvvəllər isə belə güman olunurdu ki, müzakirə ilə, dialoq ilə insanlar öz radikallıqlarını kənara qoyaraq mötədilləşəcək, ortaq nöqtələr tapacaqlar. Ancaq görünən odur ki, insanlar bir-birlərinə yaxınlaşmaq əvəzinə bir-birlərindən uzaqlaşırlar. Əlbəttə ki, belə bir vəziyyətdə də "X" və "Facebook" sürətlə istifadəçi itirir.
Ancaq "TikTok"a fikir verin. İnsanlar eləcə videoları yuxarı itələyirlər, vəssalam. Nə bir mübahisə var, nə bir müzakirə... Bir növ nirvana... "Instagram"da da vəziyyət bundan fərqli deyil. (Təbii ki, cüzi istisnaları nəzərə almırıq)
Bu situasiyada "BlueSky" kimi platformalar da getdikcə güclənir, öz əhəmiyyətini artırır. Çünki burada istədiyin insanları təqib edə bilirsən, trol hücumları, təəssübkeşlik, nifrət nitqləri yoxdur. Əvəzində isə saxta xəbərlərlə mübarizə var, aqressiya, radikalizm ilə mübarizə var. Buna görə də istifadəçilər burada özlərini çox rahat hiss edirlər. Buna görə də Qərb ölkələrində "X" və "Facebook"dan yorulan insanlar bu platformalara axın edirlər.
Bir azdan isə "Facebook"da heç kim qalmayacaq...
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.