ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Bakıda Polşa-Litva Birliyinin 1791-ci il mayın 3-də qəbul edilmiş Konstitusiyasının 234-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
525.az xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Polşa səfirliyinin missiya rəhbəri Pavel Radomski çıxış edib.
"Biz 3 May Konstitusiyasının ildönümünü ona görə qeyd edirik ki, o, polyaklar, litvalılar və Birliyin bir hissəsi olmuş bütün digər xalqlar üçün böyük dəyər daşıyan ümumi tarixi irsi simvollaşdırır. Bundan əlavə, Konstitusiyanın əsas məqsədi - dövlət strukturlarını və səmərəliliyini, habelə vətəndaşların azadlıq və hüquqlarını gücləndirməkdə bu gün də bizi ölkəni idarə etməkçün cəsarətli və məsuliyyətli iş naminə ruhlandırır", - diplomat bildirib.
Azərbaycan-Polşa əlaqələrinə toxunan Pavel Radomski qeyd edib ki, tərəfdaşlığımızı gücləndirmək üçün siyasi məsləhətləşmələr, iqtisadi komissiyaların iclasları kimi mexanizmlərdən səmərəli istifadə olunur. Varşava və Bakının bir çox beynəlxalq məsələlərə baxışı oxşardır, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq etmək əzmindədirlər: "Onu da vurğulamaq istərdim ki, Polşa bərpa olunan, yaşıl resursların artan rolu ilə Avropa bazarını enerji ilə daha da təmin etməkdə Azərbaycanın böyük əhəmiyyətini və potensialını görür. Builki Polşa Konstitusiya Gününün qeyd olunması, Polşanın Avropa İttifaqı Şurasına sədrlik etdiyi çox mühüm bir məqama təsadüf edir. Sədrliyimizin şüarı: “Təhlükəsizlik, Avropa!” Artıq 3 ildən çoxdur ki, biz Rusiyanın Ukraynaya qarşı qəddar və əsassız tammiqyaslı hərbi təcavüzünün nəticələri ilə üzləşirik. Cəsur ukraynalılar öz ölkələrini qəhrəmancasına müdafiə edirlər, eyni zamanda suverenlik və ərazi bütövlüyünün əsas qaydalarına hörmət etmək üçün mübarizə aparırlar. Müttəfiqlərimiz və beynəlxalq hüquqa, qaydalara hörmətlə yanaşan bütün tərəfdaşlarımızla birlikdə biz Ukraynanı nə qədər lazımdırsa dəstəkləyəcəyik".
Diplomat əlavə edib ki, Polşanın Avropa İttifaqı Şurasına sədrliyi təhlükəsizliklə bağlı olsa da, digər məsələlər də vacib olaraq qalır. Onlardan biri qlobal arenada rəqabətqabiliyyətli oyunçu kimi Aİ-nın dinamik iqtisadi inkişafını təmin etməkdir. Bu gün sürətlə dəyişən dünyada innovasiyalar mühüm əhəmiyyət kəsb edir. Polşanın keçmiş nailiyyətlərini və innovativ texnoloji həllər hazırlamaq bacarığını göstərməkçün bu gün foyedə “Dünyanı Dəyişən Polşa İxtiraları” adlı sərgisini nümayiş etdiririk. Burada XIX-XX əsrlərdə yaşayan polyakların bir neçə mühüm elmi kəşfləri və texniki ixtiraları təqdim olunur.
"Fürsətdən istifadə edərək, Polşanın Azərbaycanın gələcək dinamik inkişafı, bütün Cənubi Qafqaz regionunun dinc və uğurlu inkişafı üçün arzularımı bildirirəm. Ümid edirəm ki, qarşıdakı aylar və illər Polşa ilə Azərbaycan arasında ölkələrimizin potensialına və ambisiyalarına uyğun olaraq səmərəli əməkdaşlıq dövrü olacaqdır", - o söyləyib.
Azərbaycan hökuməti adından çıxış edən xarici işlər nazirinin müavini Fariz Rzayev deyib ki,
Azərbaycanla Polşa arasında münasibətlər yaxşı tarixi ənənələrə əsaslanır. Polşa Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini ilk tanıyanlardan biri olub və o zaman Bakıda Polşanın konsulluq idarəsi fəaliyyət göstərib.
Nazir müavini polyakların AXC-nin həyatında fəal iştirak etdiyini, XIX əsrin sonu-20-ci əsrin əvvəllərində Bakının memarlıq simasının formalaşmasında mühüm rol oynadığını vurğulayıb: “Polşalı mühəndislər həmçinin Azərbaycanın neft sənayesinin inkişafına töhfə veriblər. Müstəqilliyin bərpasından sonra Polşa ilə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əlaqələr qurulub. Bu illər ərzində ölkələr arasında qarşılıqlı hörmət və etimada əsaslanan sıx əlaqələr qurulub, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq inkişaf edib”.
O, 2017-ci ildə Azərbaycan ilə Polşa arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin və iqtisadi əməkdaşlığa dair yol xəritəsinin imzalandığını, xarici işlər nazirlərinin ötən il BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşdüyünü və bu ilin əvvəlində telefon danışığı apardıqlarını xatırladıb: “Bakıda həmçinin strateji tərəfdaşlığa dair məsləhətləşmələr də keçirilib. Bütün bunlar davam edən siyasi dialoqumuzun göstəricisidir. Ölkələr arasında iqtisadi əlaqələr inkişaf edir. İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Varşavadakı Azərbaycan Ticarət Evi və Bakıdakı Polşa Sərgi Evi də bu tərəqqiyə öz töhfəsini verir. Regionlararası əməkdaşlıq, humanitar sahədə, elm, mədəniyyət və təhsil sahələrində mübadilələr davam edir. 2023-2024-cü tədris ilində Polşada 4 minə yaxın azərbaycanlı tələbə təhsil alıb”.
F.Rzayev deyib ki, Azərbaycan və Polşa bundan sonra da birgə səylərlə əlaqələri möhkəmləndirəcək və inkişaf etdirəcək.
Pərvanə Sultanova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.