AZ

Toyda qonaqlar arasında qanlı dava: “Bizim anamıza bacımıza baxmağa gəliblər”

Göygöl rayonunda toyda qonaqlar arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 9 yanvar 2024-cü ildə Göygöl rayonu, Xəqani kəndində yerləşən “Sərin” şadlıq sarayında baş verib. 

Şəmkir rayon sakini, 2007-ci il təvəllüdlü Ruslan şadlıq evində qohumu üçün təşkil edilmiş toy məclisində olan zaman şadlıq  sarayının digər zalında təşkil edilmiş toyda qonaq qismində iştirak edən və həmin toyda itirdiyi qızıl boyunbağını axtarmaq üçün gəlmiş 2009-cu il təvəllüdlü İsmayıla onun guya qadın qohumlarına baxmasını bildirib, ünvanına nalayiq ifadələr işlədib. 

Bu zaman İsmayıl ona heç kimə baxmadığını, itmiş  əşyanı axtardığını bildirməsinə baxmayaraq saat 19 radələrində onu restoranın qarşısına çağırıb, heç bir əsaslı səbəb olmadan özünü cinayətkar aləmin Şəmkir rayonundan olan nüfuzlu şəxsinin yaxını olduğunu bildirib. 

Bu vaxt Ruslan İsmayılı doğması olan qardaşı və qohumu olan yetkinlik yaşına çatmayan 2011-ci il təvəllüdlü Eltacın gözü qarşısında yumruq və təpik zərbələri ilə vurub. Ona müxtəlif dərəcəli ağır xəsarətlər yetirib. 

Hadisəni törədən Ruslanın barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyib. O, bildirib ki, hadisə günü Göygöl rayonu Xəqani kəndində yerləşən “Sərin” adlı restoranda toy  məclisində olub: “Anamgil çölə çıxan zaman olduğumuz zala 3 nəfər kənar şəxs daxil oldu. Onlara burada nə etmələrini soruşanda, sep axtardıqlarını dedilər. Onlara “itmiş sepiniz bizim olduğumuz zalda nə gəzir?!” dedim. Ruslan qolumdan tutaraq məni həyətə çıxartdı. Həyətdə gözləməyi, bir neçə dəqiqə sonra gələcəyini dedi. Ayağımdan yaralı olduğum üçün gözləyə bilmədim. Restorana qayıdanda Ruslanın kiçik qardaşı məni çağırdə və İsmayılın onu gözlədiyini dedi. Həyətə çıxanda ağacın altında əlavə 4-5 nəfər uşaq olduğunu gördüm. Həmin vaxt İsmayılın qohumu olan oğlan əlini çiynimə qoyaraq,  İsmayılın normal olmadığını, onunla dalaşmamağı dedi, özü isə ayağının yaralı olduğunu söylədi. İsmayıl bunu eşidərək “mənə dəli deyirsən?” deyərək üstümə yüyürdü. İsmayılı özümdən itələdim, uşaqlarla birlikdə işıq dirəyinin yanına getdik. İsmayıl üstümə gələrək mənə təpik atanda geri çəkildim. İsmayılın ayağı boşa çıxdı, sürüşərək işıq dirəyinə dəydi. İsmayılı yerdən qaldırmağa çalışanda, burnundan qan axdığını gördüm. İsmayıl özü olanları atasına deməməyi xahiş etdi, üzünü yusalar da, qan dayanmadı. İsmayılı atasının yanına aparanda atası ondan nə olduğunu soruşdu. İsmayılın yıxılmasını dedilər. Atası dərhal İsmayılı qucağına alaraq maşına qoydu və xəstəxanaya apardı. Mən toya qayıtdım, sonra isə evə getdim. Təxminən 10-15 gün sonra məni anam ilə polisə çağırdılar. Orada İsmayıl adlı oğlanı döydüyümü, anasının şikayət etdiyini dedilər. Mən isə heç kimi vurmadığımı dedim”. 

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, toylar ayrı-ayrı zallarda keçirilib: “İsmayılla yanında əmisi oğlu və qardaşı ilə bizim olduğumuz zala girdikləri vaxt  anam ilə bacım zaldan çıxıb. Onları görərək zala gəlmələrinin səbəbini soruşdum. İsmayıla heç bir xəsarət yetirmədim. İsmayılın kiçik qardaşı məni çağıranda tək olub. Sonradan həyətdəki ağacın altında 4-5 nəfər uşaq görmüşəm. İsmayıla heç bir xəsarət yetirməmişəm. İsmayıla “avtaritet”liklə məşğul olmam, qaranlıq işlər görməm, baş verənləri atasına deyəcəyi təqdirdə onu bıçaqla vuracağım ilə hədələməm barədə dedikləri yalandır. İsmayılın yanındakı uşaqlar onu aralayaraq işıq dirəyinin yanına aparıb. İsmayıl yenidən mənə yaxınlaşaraq təpik atan zaman geri çəkilmişəm. İsmayıl arxadakı işıq dirəyinə dəyib, işıq dirəyi tikanlı, çıxıntılı olub. Günahım olmadığı üçün ədalətli qərar qəbul edilməsini xahiş edirəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən İsmayılın sözlərinə görə, hadisə günü qohumunun toy məclisində olub, aralarındakı davanın başlama səbəbkarı Ruslan olub: “Mən iştirak etdiyim toy məclisində saraya daxil olan zaman zalın qarşısında uşaqların nəsə axtardıqlarını gördüm. Uşaqlardan nə  olduğunu soruşanda, sepinin itdiyini, axtardıqlarını dedilər. Bir yerdə sepi axtaran zaman Ruslan qarşımıza çıxdı, nə etdiyimizi soruşdu. Ruslana uşağın sepinin itdiyini, onu axtardığımızı dedim. Ruslan əlində siqaret “yalan deyirsiz, anamıza bacımıza baxmağa gəlmisiz!?” dedi. Ruslana niyyətim olmadığını və itmiş sepi axtarmağa gəldiyimizi dedim. Ruslan məni kənara çəkərək “ağıllı ol, biz Şəmkirliyik, bizi polislər belə tanıyır!”dedi. Ruslana dalaşmaq istəmədiyimizi bildirdim. Ruslanın yanına tanımadığım oğlan gələndə, Ruslan ona “bizim anamıza bacımıza baxmağa gəliblər” dedi. Həmin vaxt Ruslan mənim başımı qoltuğuna aldı, əlindəki əşya ilə bir neçə dəfə üzümə vurdu. Ruslan məni vurduqdan sonra atama deməməyim  üçün yalvardı. Uşaqlara atama  deməmələrini dedim. Sonra atam məni xəstəxanaya apardı, həkimlər mənə yardım göstərdilər”.

Zərərçəkmiş şəxs qeyd edib ki, Ruslan onu kənara çəkərək işi olduğunu deyəndə yanındakı uşaqlar qardaşıgilə xəbər veriblər: “Ruslan məni qardaşım Eltacın yanında döyüb. Ruslanın əlində nə olduğunu görməmişəm. Əlindəki əşya ilə əvvəl başıma, daha sonra isə üz nahiyəmə müxtəlif xəsarətlər yetirib. Sepi sarayın həyətində axtarmışam. Ümumiyyətlə sarayın digər zalına girməmişəm. Əmimoğlu İbrahim mənim haqqımda Ruslana heç nə deməyib. Dava vaxtı əmimoğlu İbrahim yanımda  olmayıb”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ruslan 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib. 
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilib. O, məhkəmə iclas zalından həbs edilib. 

Zərərçəkmiş tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh təqsirləndirilən şəxsdən dəymiş maddi ziyana görə 2000 manat və vurulmuş mənəvi zərərə görə isə 3000  manat olmaqla, ümumilikdə 5000  manat məbləğində pul tutularaq mülki iddiaçı zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar qəbul edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
0
1
demokrat.az

2Mənbələr