“Böyük Dəbilqə” maraqlı xatirələrlə yadda qaldı”.
Bunu İdman.biz-ə Azərbaycan millisinin cüdoçusu Vüqar Talıbov (90 kq) deyib.
O, Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirindəki çıxışını dəyərləndirib. Yarışda gümüş medal qazanan cüdoçu bildirib ki, ən çətin qarşılaşma final görüşü olub: “Hazırlığımız yaxşı keçdiyi üçün özümdən medal gözləyirdim. Sadəcə əyarını bilmirdim. Həm də öncədən Elcan Hacıyevlə mən turnirin qrup liderləri idik. Yarışda ən çətin final görüşü oldu. Həlledici qarşılaşmada Avropa çempionu Elcanla qarşılaşdım. Məlum məsələdir ki, sıradan rəqib deyildi. İlk dəfə idi “Böyük Dəbilqə”də həmyerlimizlə qarşılaşırdım. Maraqlı hislər idi. Elcanla uşaqlıqdan dostuq. Əlbəttə, mən də çempion olmaq istəyərdim. Heç kim uduzmaq üçün çıxmır. Çox təəssüf ki, məğlub oldum. Ümid edirəm, gələn dəfə Elcana qalib gələrəm”.
Talıbov növbəti yarışlarla bağlı danışmaq üçün hələ tez olduğunu bildirib: “Gələcəklə bağlı konkret nəsə deyə bilmərəm, çünki hazırda dəqiq heç nə bilinmir. Qarşıda dünya çempionatı var. Orada kimin iştirak edəcəyinə məşqçilər qərar verəcək. Hələ ki, bu barədə heç nə bilmirəm. Həmişəki kimi hazırlaşıb gözləyəcəyik”.
Qeyd edək ki, Vüqar Talıbov “Böyük Dəbilqə”dən sonra Beynəlxalq Cüdo Federasiyası (IJF) dünya reytinqində 9 xalla 12-ci pilləyə yüksəlib.
Aytac Sahəd
İdman.biz