AZ

Kainatın ən müəmmalı planetləri: Birinin sirri açıldı

BAKI, 6 may. TELEQRAF

ABŞ astronomları “Ceyms Uebb” kosmik teleskopundan istifadə edərək ilk dəfə olaraq Günəş sistemindən kənarda geniş yayılmış planet növünün – sub-neptunların ən sirli nümayəndələrindən biri TOI-421b-nin atmosferini ətraflı tədqiq ediblər.

Teleqraf xəbər verir ki, araşdırmanın nəticələri “The Astrophysical Journal Letters” (AJL) elmi nəşrində dərc olunub.

Elm adamları deyirlər ki, bu kəşf sub-neptunların tərkibi və mənşəyi haqqında anlayışları dəyişdirə bilər.

Sub-neptunlar kiçik qaz planetləridir, Yer kürəsindən bir qədər böyükdür, amma Yupiter kimi qaz nəhənglərindən çox kiçikdirlər. Qalaktikamızda geniş yayılıb, amma dumanlı atmosferlərinə görə bu günə qədər az öyrənilib.

TOI-421b Yerdən təxminən 244 işıq ili uzaqlıqda yerləşən isti sub-Neptun planetidir. Ulduzuna çox yaxın orbitdə fırlanır, bu da onun temperaturunun 730 dərəcəyə çatmasına səbəb olur. Alimlərin fikrincə, bu yüksək temperatur əvvəllər belə planetlərin tədqiqini çətinləşdirən atmosfer dumanının yaranmasının qarşısını alır. Teleskopun spektroqraflarından istifadə olunmaqla əldə edilən məlumatlar göstərir ki, planetin atmosferi şəffafdır, hidrogen və su buxarı ilə zəngindir, həmçinin orada kükürd və karbonmonoksid ola bilər.

Tədqiqatçılar indi TOI-421b-nin unikal olub-olmadığını müəyyən etmək üçün digər isti sub-neptunları müşahidə etməyi planlaşdırırlar.

Seçilən
0
teleqraf.com

1Mənbələr