Ayxan Qədəşov: 2027-ci ilə qədər elektron ticarət satışlarının 7,9 trilyon ABŞ dollarına qədər yüksəlməsi proqnozlaşdırılır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov “İki sahil” qəzetinə müsahibə verib.
Portalın mobil tətbiqinin istifadəyə verilməsi...
- İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “azexport.az” portalı 9 ilə yaxındır fəaliyyət göstərir. Son illərin yenilikləri hansılardır?
- Son statistikalar onu göstərir ki, mobil telefonlar vasitəsilə aparılan ticarət son illərdə sürətlə genişlənir. İstifadəçilərin əksəri məhsulları mobil cihazlar vasitəsilə axtarır, müqayisə edir və alır. Bu tendensiyanı nəzərə alaraq, “Azexport” portalında rəqəmsal transformasiyanın bu mərhələsinə uyğunlaşma istiqamətində mühüm addımlar atılaraq portalın mobil tətbiqinin istifadəyə verilməsinin səmərəliliyi ilə bağlı müzakirələr aparılır. Hesab edirəm ki, tətbiqin istifadəyə verilməsi həm də bölgələrdə kiçik fermerlər və ailə təsərrüfatları tərəfindən ərsəyə gətirilən məhsulların kompüter olmadan, daha rahat formada platformaya inteqrasiya olunmasına və geniş auditoriyaya təqdim olunmasına əlavə dəstək ola bilər.
Elektron ticarət: Sistemli və effektiv
- Portal vasitəsilə elektron ticarətin inkişafına təkan verəcək hansı yeniliklər var?
- Artıq “Azexport” portalında fərdi sahibkarlar və şirkətlər üçün ölkə daxilində çatdırılma xidməti istifadəyə verilib. Bu xidmətlər sayəsində istehsalçılar portalda məhsullarını yerləşdirərkən paralel olaraq çatdırılma funksiyasını da aktiv edə bilirlər. Portalın bu funksionallığı yerli bazarda satış imkanlarını genişləndirir, həm də elektron ticarət proseslərini daha da sistemli və effektiv şəkildə təşkil edir. Bu cür yeniliklər, Azərbaycanda elektron ticarətin inkişafına təkan verir, kiçik və orta sahibkarlığın gücləndirilməsində, məhsulun satış dövriyyəsinin artırılmasında mühüm rol oynayır. Eyni zamanda, ölkənin rəqəmsal iqtisadiyyat modelinə keçid prosesini sürətləndirir və beynəlxalq rəqabət qabiliyyətini artırır.
İxrac diversifikasiyası, ölkəyə əlavə valyuta cəlb olunması...
- Elektron ticarət sahəsində inkişafı zəruri olan hansı sahələri qeyd etmək olar?
- Hesab edirəm ki, elektron ticarətin inkişafı ilə bağlı məsələlərə iki başlıca istiqamətdə baxmaq lazımdır. Yerli bazar və beynəlxalq bazar. Beynəlxalq elektron ticarətdə Azərbaycan məhsulları üçün çox böyük potensial mövcuddur. Bazarın özü də genişdir, imkanlar çoxdur. 2024-cü ildə qlobal pərakəndə ticarətin 20 faizdən çoxu elektron ticarət platformaları vasitəsilə həyata keçirilib. 2027-ci ildə bu göstəricinin 25 faizə qədər yüksəlməsi proqnozlaşdırılır.
2024-cü ildə qlobal elektron ticarət satışları 6 trilyon ABŞ dollarını keçib və 2027-ci ilə qədər bu göstəricinin 7,9 trilyon ABŞ dollarına qədər yüksəlməsi proqnozlaşdırılır. “Forbes” nəşri “Amazon”, “Etsy”, “eBay”, “Walmart” kimi platformaları dünyanın qabaqcıl elektron ticarət platformaları hesab edir. Statistikalara əsasən 2022-ci ilin may ayında “Amazon” e-ticarət platforması ay ərzində 3 milyard dəfə ziyarət olunmaqla rekord göstərici nümayiş etdirib. Bütün bunlar onu deməyə əsas verir ki, elektron ticarət Azərbaycan məhsullarının ixracının diversifikasiyası baxımdan böyük və potensiallı bir istiqamətdir. Bu həm də gənclərin və fərdi sahibkarların özünüməşğulluğu baxımdan da əlavə dəstək mexanizmi kimi çıxış edərək, ölkəyə əlavə valyuta cəlb olunmasında iştirak etmə potensialı olan istiqamətdir.
Bu platformalar satıcıdan alqı-satqı müqaviləsi və hesab-faktura tələb etmir, amma...
- Bu istiqamətdə nə kimi işlər görülür, hansı mexanizmlər tətbiq olunur?
- Elektron ticarətə olan marağın genişlənməsi ilə bu sahədə fəaliyyət göstərən beynəlxalq elektron ticarət platformaları alış-satış prosesini daha da sadələşdirmək üçün müntəzəm yeni mexanimzlər tətbiq edirlər. Belə olan halda qlobal kommersiya qurumlarının tətbiq etdiyi yeni qayda və tələbləri dünya ölkələri üçün qanunvericilik və normativ tələblər baxımdan təkrarlamaq müəyyən qədər müddət alır. Bu baxımdan bizim də qlobal elektron ticarətə çıxışda müəyyən həlli üzərində işlənilən məsələlər mövcuddur. Buna misal olaraq deyim ki, hazırki qanunvericilik beynəlxalq platformalar (“Amazon”, “eBay”, “Etsy”) üzərindən ixrac olunan malların ənənəvi gömrük prosedurları ilə rəsmiləşdirilməsini tələb edir. Halbuki bu platformalar satıcıdan alqı-satqı müqaviləsi və hesab-faktura tələb etmir, bu da malların anbarlara göndərilməsində və satışa çıxarılmasında müəyyən çətinliklər yarada bilir. Həmçinin, mövcud qanunvericiliyin tələblərinə əsasən ixrac əməliyyatları üzrə gəlirlər yalnız Azərbaycanda yerləşən banklar vasitəsilə qəbul olunmalıdır. Lakin beynəlxalq elektron ticarət platformaları ödənişləri “Payoneer”, “Transferwise”, “Paypal” kimi müxtəlif ödəniş platformaları vasitəsilə həyata keçirirlər. Bu da qanunvericiliyə əsasən maliyyə sanksiyası riski yaradır. Bununla yanaşı, satışdan gələn vəsaitlər yerli bank hesablarına daxil olmadıqda, onların vergi orqanları tərəfindən izlənməsi çətinləşir. Bu isə həm vergi hesabatında, həm də gömrük məlumatlarının inteqrasiyasında problemlər yaradır. Bu istiqamətlərin həlli ilə bağlı müzakirələr davam etdirilir. Beynəlxalq elektron ticarət imkanlarının qanunvericiliyin tələblərinə uyğun şəkildə genişləndirilməsi zamanı, bu prosedurun əlavə sui-istifadə və dələduzluq hallarına yol açmayacağı formada həyata keçirilməsi də ciddi əhəmiyyət kəsb edir.
- Bəs, kibercinayətkarlıq halları elektron ticarətə təsir edirmi?
- Vacib məqama toxundunuz. Yerli səviyyədə elektron ticarətin inkişafına maneə yaradan kibercinayətkarlıq hallarıdır. Elektron ticarət platformalarında istifadəçi məlumatlarının oğurlanması, bank kartı məlumatlarının sızması, saxta saytlardan alış-veriş nəticəsində vəsaitin itirilməsi, çatdırılmayan və ya keyfiyyətsiz məhsulların satılması kimi hallar insanların bu sahəyə olan etimadını aşağı salır. Bu cür xoşagəlməz təcrübələr elektron ticarətə marağın azalmasına, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən vətəndaşlar arasında ciddi narahatlığın yaranmasına səbəb olur. Bu da rəqəmsal ticarətin genişləndirilməsi istiqamətində aparılan işlərin effektinə mənfi təsir göstərir.
Sosial şəbəkələr üzərindən həyata keçirilən satışlar risk faktorunu artırır
- Ayxan müəllim, bəs qarşısının alınması istiqamətində hansı işlər görülür?
- Bu sahədə müntəzəm maarifləndirici tədbirlər və təlimlər həyata keçirilsə də kibercinayətkarlıq halları qalmaqdadır. İnsanların öz məlumatlarını paylaşarkən təhlükəsizlik tədbirlərinə əməl etməməsi, qeyri-rəsmi platformalardan alış-veriş etməsi və ya tanımadığı linklərə daxil olması bu cür halların artmasına daha da şərait yaradır. Xüsusilə sosial şəbəkələr üzərindən həyata keçirilən satışlar risk faktorunu daha da artırır. Hesab edirəm ki, səlahiyyətli qurumlar tərəfindən etibarlı və yoxlanılmış satıcılara “Etibarlı Satıcı” nişanı verilə bilər. Bu nişan alıcıya həmin satıcının təhlükəsiz və dürüst ticarət apardığını göstərir. Həmçinin, ödəniş zamanı bank və maliyyə qurumları tərəfindən riskli əməliyyatların avtomatik aşkarlanması və dayandırılması imkanları genişləndirilə bilər. Bununla yanaşı, vətəndaşlara bank kartı təqdim edilməzdən öncə elektron ödənişlə bağlı təhlükəsiz istifadə qaydalarını yoxlayan 3-4 sadə sualdan ibarət maarifləndirici kiçik test keçirilə bilər. Bu suallar vasitəsilə kart istifadəçiləri minimal biliklərlə təmin olunur və bu da gələcəkdə onların daha təhlükəsiz əməliyyatlar aparmasına şərait yaradar.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”