AZ

Banklar köhnəlmiş valyuta əskinaslarından imtina edir - kim haqlıdır...


Kamran Məmmədli: “Banklar hansısa valyutanı ona görə alır ki, daha sonra onu eyni formada sata bilsin”

Son günlər bəzi banklar və valyuta dəyişmə məntəqələri buraxılış ili köhnə olan dollar əskinaslarını qəbul etmir. Səbəb kimi yeni əskinasların dövriyyədə olmasını əsasən gətirir. Bəzi banklar isə heç bir səbəb demədən köhnə əskinisları qəbul etməkdən imtina edir.

Qeyd edək ki, 2006-cı ildən əvvəl buraxılmış əskinaslar köhnə valyuta hesab olunur. Onların dizaynı artıq dəyişdiyi üçün banklar həmin əskinası almaqda maraqlı deyil. Bu hal isə vətəndaşlar arasında xarici valyutaya, xüsusən də dollara qarşı münasibəti dəyişdirir.

Maraqlıdır, bankların köhnə dolları qəbul etməməsinin səbəbi nədir?

“Buraxılış ili köhnə olan dolları hər halda heç kim almaq istəməz, bu səbəbdən də banklar həmin əskinası qəbul etməkdə maraqlı deyil”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Amerika qanunvericiliyində əskinasların dövriyyəsilə bağlı qadağalar mövcud deyil: “Əskinaslar buraxıldıqca, Amerika Mərkəzi Bankı köhnələri dövriyyədən çıxarmadan əvəzləyir. Hətta vətəndaşların əlində 1920-1930-cu illərdə buraxılmış əskinaslar var ki, Amerika Mərkəzi Bankı onları qəbul edir. Ölkəmizdə də köhnə dollarla bağlı eyni qaydalar tətbiq olunur. Məlumat üçün deyim ki, köhnə pul vahidləri dövriyyədən çıxarılmayıbsa, onun banklar tərəfindən qəbulunda məhdudiyyət ola bilməz. Bu, istər xarici, istərsə də yerli valyutaya aiddir. Ancaq valyuta mübadiləsi bankların öz işidir. Azərbaycanda dollar populyar valyuta olduğuna görə insanlara qəribə gəlir ki, onu niyə manata dəyişmirlər. Lakin lirə və rublu da müəyyən banklar dəyişməkdən imtina edir. Banklar istənilən valyuta ilə əməliyyat apara bilər. Bu onların daxili işidir. Bank ümumiyyətlə dollar mübadiləsindən imtina da edə bilər. Çünki banklar hansısa valyutanı ona görə alır ki, daha sonra onu eyni formada sata bilsin. Yəni bizim banklar valyutanı ona görə alır ki, o valyutanın alıcısı da olsun. Buraxılış ili köhnə olan dolları hər halda heç kim almaq istəməz, bu səbəbdən də banklar həmin əskinazı qəbul etməkdə maraqlı deyil”.

Günel CƏLİLOVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr