AZ

Ürəyinizin həqiqi yaşını hesablayan alət hazırlanıb

Ürəyinizin həqiqi yaşını hesablayan

Böyük Britaniya alimləri ürəyin “funksional yaşını” hesablaya bilən yeni bir sistem hazırlayıblar. Bu texnologiya sayəsində fərdlər ürəklərinin bioloji yaşı ilə xronoloji yaşları arasındakı fərqi öyrənə bilər. Alət, ürək xəstəlikləri riski daşıyan şəxslərdə erkən diaqnostika və profilaktika məqsədilə istifadə oluna bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Araşdırma Şərqi İngiltərə Universitetinin rəhbərliyi ilə aparılıb və İngiltərə, İspaniya və Sinqapurdan olan 557 nəfərin məlumatları əsasında hazırlanıb. İştirakçılardan 336 nəfərin piylənmə, diabet və ya yüksək qan təzyiqi kimi sağlamlıq problemləri var idi.

Alimlər ürək kameralarının ölçüsü və qanı pompalamaq qabiliyyəti kimi göstəriciləri araşdırmaq üçün maqnit rezonans tomoqrafiyası (MRT) skanlarından istifadə ediblər. Bu məlumatlar əsasında ürəyin funksional yaşı hesablanaraq xronoloji yaşla müqayisə olunub.

Bioloji yaşla ürək yaşı arasında fərq 4,6 ildir

"European Heart Journal" jurnalında dərc edilən nəticələrə görə, sağlamlıq riski olan şəxslərin ürəklərinin funksional yaşı, xronoloji yaşdan orta hesabla 4,6 il daha böyük olub. Piylənmə kimi hallarda bu fərq daha da arta bilər.

Tədqiqatın aparıcı mütəxəssisi, kardioloq Dr. Pankaj Garg qeyd edib ki, xüsusilə diabet və piylənmə ürəyin vaxtından əvvəl qocalmasına səbəb olur. Onun sözlərinə görə, bu cür sağlamlıq problemləri olan şəxslərin ürəkləri bəzən onilliklər əvvəl qocalmış ola bilər.

Araşdırmanın məhdudiyyətləri də var

Tədqiqatçılar bildiriblər ki, bu nəticələr bəzi məhdudiyyətlərə malikdir. Məsələn, iştirakçıların bu sağlamlıq problemlərinin nə qədər müddətdir davam etdiyini nəzərə almaq mümkün olmayıb. Üstəlik, araşdırma əsasən yaşlı yaş qrupuna aid şəxslərlə aparıldığı üçün nəticələrin bütün əhali qruplarına şamil olunması doğru deyil.

Modelin daha geniş qruplar üzərində sınaqdan keçirilməsinin vacibliyi də vurğulanır. Bununla belə, mütəxəssislər hesab edirlər ki, bu cür bir vasitə həkimlərin pasiyentlərlə məsləhətləşmələrində faydalı rol oynaya bilər. Dr. Garg vurğulayıb ki, sağlam qidalanma və nizamlı fiziki fəaliyyət ürəyin qocalma prosesini ləngidə bilər və bu yeni sistem insanlara ürək xəstəlikləri ilə daha effektiv mübarizə aparmaq imkanı yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr