BAKI, 6 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin sülh yox, Ukraynanı istəyir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pens deyib.
“Son üç il bizə nəyisə öyrədibsə, bu, Vladimir Putinin sülh istəməməsidir, o, Ukraynanı istəyir. Ukrayna təxminən iki aydır bizim tərəfimizdən irəli sürülən atəşkəs təklifi ilə razılaşıb, Rusiyanın isə bu mənada gecikdirməkdə və bəhanələr gətirməkdə davam etməsi bu fikri təsdiqləyir”, - Pens bildirib.
Sabiq vitse-prezident həmçinin qeyd edib ki, Putin yalnız gücdən anlayır, ona görə də ABŞ Ukraynaya davamlı dəstəyini açıq şəkildə bəyan etməlidir.
Pens əlavə edib ki, o, Tramp administrasiyasının son aylardakı qeyri-sabit mövqeyinin yalnız Rusiyanı cəsarətləndirdiyinə inanır.
“Əgər Putin Ukraynada uğur qazanarsa, o zaman Rusiyanın bir NATO üzvü olan ölkəni işğal etməsi an məsələsi olacaq”, - keçmiş rəsmi vurğulayıb.