AZ

Keçmiş vəzifəli şəxsi öldürmək istəyənə nə qədər cəza verilib?

ain.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ələddin Əhmədlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və Ə.Əhmədlinin əməlinin Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən həmin Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsi və həmin Məcəllənin 62 və ya 70-ci (şərti) maddələrini tətbiq etməklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunması barədə qərar qəbul olunması xahiş olunur.

İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən ərizə ilə Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirib.

Qərara əsasən, Ə.Əhmədlinin kassasiya şikayəti geri qaytarılıb.

İttihama görə, hadisə 04 oktyabr 2022-ci il tarixdə, səhər saat 10 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Ə.Əhmədli vaxtilə daxili işlər orqanlarında serjant işləmiş 1995-ci il təvəllüdlü Asim Abdullazadəyə bıçaq zərbələri vurub.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisə avtomobillə tərəflərin bir-birinə yol vermədiyi üçün şəxsi münasibətlər zəminində baş verib.

Əməldə şübhəli bilinən Ə.Əhmədli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, hökmü dəyişdirilmədən saxlanılıb.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr