AZ

Kubada Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Kubadakı Səfirliyinin təşkilatçılığı ilə Kuba Xalqlar Dostluğu İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş elmi-akademik tədbir keçirilib.

Səfirlikdən “Report”a verilən məlumata görə, tədbirdə Kuba Xalqlar Dostluğu İnstitutunun rəhbərliyi, Kuba Xarici İşlər Nazirliyi və Mərkəzi Komitənin nümayəndələri, elmi-akademik dairələrin üzvləri, eləcə də vaxtilə Azərbaycanda təhsil almış kubalılar iştirak edib.

Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti xanım Noemi Rabaza çıxış edərək Azərbaycan və Kuba arasında diplomatik münasibətlərin tarixi, ölkələrimiz arasındakı dostluq əlaqələri, tərəflərin bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlər və həyata keçirdiyi uğurlu əməkdaşlıq barədə danışıb. O, BMT Baş Assambleyasında hər il ənənəvi olaraq keçirilən səsvermələrdə Kubaya qarşı tətbiq edilən iqtisadi embarqonun aradan qaldırılması ilə bağlı Azərbaycanın daim Kubaya dəstək olmasını qeyd edərək, bu mövqeyin Kuba hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Çıxışı zamanı N.Rabaza, Ümummilli Lider Heydər Əliyevin xatirəsinin Kubada böyük hörmətlə anıldığını, Heydər Əliyevin Kuba ilə bağlı daim xoş təəssüratlarda olduğunu və Kubanın Ali Baş Komandanı Fidel Kastro ilə yaxşı münasibətlərinin olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev çıxış edib. Diplomat tədbir iştirakçılarını həm keçmiş Sovet İttifaqı, həm də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi müddətində göstərdiyi əvəzsiz xidmətləri barədə ətraflı məlumatlandırıb. Səfir Heydər Əliyevin müstəqil Azərbaycana öndərliyi dövründən danışaraq məhz Ulu Öndərin səyləri nəticəsində Azərbaycanın beynəlxalq arenada öz sözünü deyən qüdrətli dövlətə çevrildiyini və bu gün də onun siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonra çıxış edən Havana Universitetinin professoru Oskar Xulian Viyar Barroso Heydər Əliyevin siyasi irsi, onun Sovet İttifaqı zamanında, daha sonra isə müstəqil Azərbaycan uğrunda gördüyü böyük işlər barədə danışıb. Natiq Ulu Öndərin müstəqilliyinin ilk illərində zamanın ağır sınaqlarından keçən, Qarabağ müharibəsi ilə üzləşmiş və sosial-iqtisadi çətinliklər yaşayan Azərbaycanın güclənməsi və inkişafı uğrunda gördüyü mühüm iqtisadi layihələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Məhz Ümummilli Liderin müdrik neft strategiyası nəticəsində Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlarda ticarətinin təmin olunduğunu qeyd edən natiq, Azərbaycanın indi də bu sahədə aparıcı rola malik olduğunu söyləyib. Heydər Əliyevlə Kubanın Ali Baş Komandanı Fidel Kastro arasında sıx dost münasibətlərin mövcud olduğunu diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarına Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən Azərbaycanın Kubadakı Səfirliyinin dəstəyi ilə ispan dilinə tərcümə olunmuş video nümayiş olunub.

Seçilən
0
7
report.az

8Mənbələr