AZ

Araşdırma: Oxuma prosesi beyində necə gerçəkləşir?

Bakı, 6 may, AZƏRTAC

Oxumaq insan idrakının ən mühüm funksiyalarından biri olmaqla yanaşı, sosial həyatın, təhsilin və məşğulluğun da əsasını təşkil edir. Oxuma bacarığı yalnız sözləri tanımaqla kifayətlənmir, həm də mürəkkəb sinir sisteminin fəaliyyətini tələb edir. Maks Plank İnsan İdrakı və Beyin Elmləri İnstitutunun tədqiqatçıları tərəfindən aparılan və “Neuroscience & Biobehavioral Reviews” jurnalında dərc edilən son meta-analiz bu sahədə geniş elmi təsəvvür yaradır.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatçılar, Sabrina Türker, Beatrice Fumaqalli və onların həmkarları — 163 neyroelm araşdırmasını təhlil edərək oxuma zamanı beyində hansı bölgələrin aktivləşdiyini müəyyən ediblər. Nəticələr göstərir ki, müxtəlif növ oxuma tapşırıqları (məsələn, hərflərin, sözlərin, cümlələrin və ya mənasız psevdosözlərin oxunması) zamanı fərqli beyin sahələri işə düşür.

Oxuma prosesində əsas rol oynayan sahələrdən biri sol yarımkürənin klassik dil bölgələridir. Məsələn, sol aşağı frontal girusun alt sahələri sözlərin və psevdosözlərin oxunması zamanı fərqli aktivlik göstərir. Sol temporo-oksipital korteks isə sözlər və cümlələrin emalında mühüm yer tutur. Hərflərin tanınması isə əsasən sol oksipital korteksdə baş verən lokal neyron aktivliyi ilə bağlıdır.

Tədqiqatda, həmçinin ucadan və səssiz oxumanın beyində yaratdığı fərqli aktivlik nümunələri də müqayisə olunub. Ucadan oxuma zamanı motor və eşitmə emalı ilə əlaqəli sahələr — məsələn, serebellum və auditor korteks — daha çox aktivləşir. Səssiz oxuma zamanı isə beynin “tələbat bölgələri” adlandırılan daha spesifik və kompleks strukturları daha ardıcıl şəkildə işə düşür. Bu fərqlər göstərir ki, oxuma tək bir prosesi deyil, əksinə, beynin müxtəlif bölgələrinin koordinasiyalı fəaliyyətini tələb edən çoxşaxəli bir funksiyadır. Bu nəticələr oxuma prosesinin neyrobioloji əsaslarını daha dərindən anlamağa imkan verir. Eyni zamanda, disleksiya və digər öyrənmə çətinlikləri ilə yaşayan insanlar üçün uyğun müdaxilə metodlarının inkişaf etdirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Tədqiqatçılar bu məlumatların gələcəkdə fərdiləşdirilmiş tədris metodlarının yaradılmasına və nevroloji əsaslı müdaxilə proqramlarının təkmilləşdirilməsinə töhfə verəcəyini bildirirlər. Oxuma prosesi sadə görünsə də onun arxasında son dərəcə mürəkkəb və incə işlənmiş neyron şəbəkələr dayanır və bu sahədə aparılan tədqiqatlar bizə bu mürəkkəb mexanizmləri daha yaxşı anlamaq imkanı verir.

 

Seçilən
0
3
azertag.az

4Mənbələr