AMEA-da “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib
Mayın 5-də AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Tarix və Etnologiya İnstitutunun kollektivivə Akademiyanın elmi müəssisə və təşkilatlarının, Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun, Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları iştirak ediblər.
Böyük Vətən Müharibəsinə həsr olunmuş elmi-praktik konfransı giriş nitqi ilə açan akademik İsa Həbibbəyli Azərbaycan xalqının bu müharibədə göstərdiyi misilsiz xidmətlərdən danışıb. Akademik İsa Həbibbəyli bildirib ki, keçmiş SSRİ-nin tərkibində olan bütün respublikalar kimi, Azərbaycan da bu müharibədə yaxından iştirak edib, xalqımızın igid oğulları misilsiz qəhrəmanlıq nümunələri göstəriblər. Qeyd edib ki, xüsusilə Həzi Aslanov kimi iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş görkəmli hərbçimiz, akademik Ziya Bünyadov kimi döyüş meydanında öz sözünü demiş və digər qəhrəman oğullarımızın xatirəsi bu gün də xalqımız tərəfindən yaşadılır.
AMEA prezidenti vurğulayıb ki, Böyük Vətən Müharibəsi təkcə bir xalqın deyil, bütün keçmiş sovet xalqlarının ortaq tarixidir və bu tarixin obyektiv şəkildə öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Diqqətə çatdırıb ki, müstəqilliyimizin ilk illərində Böyük Vətən Müharibəsi kimi tarixi hadisədə Azərbaycanın iştirakı unutdurulmağa çalışılsa da, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu məsələdə ədalət bərpa olunmuş, onun uzaqgörən və milli maraqlara əsaslanan siyasəti nəticəsində xalqımızın bu müharibədəki rolu yenidən və layiqincə qiymətləndirilmişdir.
Bu gün Prezident İlham Əliyevin Ümummilli Liderin həmin siyasi xəttini uğurla davam etdirdiyini deyən akademik İsa Həbibbəyli Böyük Vətən Müharibəsi iştirakçılarının dövlət səviyyəsində ehtiramla anıldığını, onların xatirəsinə həsr olunmuş tədbirlərin keçirildiyini, müharibə veteranlarının təltif edildiyini, onların sosial qayğısının daim diqqət mərkəzində saxlanıldığını söyləyib. Bildirib ki, bu, həm dövlətimizin tariximizə verdiyi önəmin, həm də xalqımızın qəhrəmanlıq irsinə sahib çıxmasının bariz nümunəsidir.
Akademik İsa Həbibbəyli, o cümlədən Böyük Vətən Müharibəsinin səbəbləri, gedişi və nəticələrinin, eləcə də Azərbaycanın bu müharibədəki rolunun dərindən araşdırılmasının, elmi və obyektiv qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Tarixçilərimizin üzərinə bu sahədə böyük məsuliyyət düşdüyünü deyən akademik İsa Həbibbəyli ümumiyyətlə, xalqımızın iştirak etdiyi bütün müharibələrin tarixi baxımdan geniş və obyektiv şəkildə tədqiq edilməsinin əhəmiyyətinə toxunub vəkonfransın işinə uğurlar arzulayıb.
Daha sonra faşizm üzərində qələbədə Azərbaycanın roluna dair videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov dünya tarixində 15 minə yaxın sayıla biləcək müharibənin baş verdiyini, bunlar içərisində miqyasına, iştirakçılarına və itkilərin sayına görə ilk sırada tarixin də gedişinə böyük təsir etmiş İkinci Dünya Müharibəsinin qərarlaşdığını söyləyib. Bildirib ki, Azərbaycan xalqı da bu müharibədə yaxından iştirak etsə də, ötən müddət ərzində müharibənin nəticələrinin ölkəmizdə demoqrafik prosesə təsiri yetəri qədər öyrənilməyib. Qeyd edib ki, 1941-ci ildə respublikamızda əhali sayı 3,3 milyon olmuş, lakin 1945-ci ildə 600 minə yaxın geriləyərək 2,7 milyona düşmüşdür. Professor Kərim Şükürov bu istiqamətdə ciddi tədqiqatların aparılmasına ehtiyac olduğunu söyləyib, konfransın işinə uğurlar arzulayıb.