AZ

Alimlər vulkan püskürməsi barədə xəbərdarlıq etdilər

BAKI, 6 may. TELEQRAF

ABŞ-nin Sakit okean sahillərindəki ən aktiv sualtı vulkanlardan biri hər an püskürə bilər.

Teleqraf “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu barədə Oreqon sahillərindən 500 kilometr aralıda və okean səthinin təxminən 1,5 kilometr dərinliyində yerləşən “Axial Seamount” vulkanının fəaliyyətini izləyən tədqiqatçılar xəbərdarlıq ediblər.

Amerikalı mütəxəssislərinin fikrincə, vulkanın ətrafındakı dəniz dibi yenidən yüksəlməyə başlayır ki, bu da maqmanın yığılmasının əlamətidir.

Axırıncı dəfə belə deformasiya 2015-ci ildə püskürmədən əvvəl, “Axial Seamount” silsiləsi 8000 təkan və qalınlığı 120 metrə qədər olan lava sahəsi əmələ gətirən zaman müşahidə olunub.

İndi dəniz dibinin qalxma sürəti son püskürmədən əvvəl qeydə alınan səviyyəyə çatıb. Seysmik aktivlik də artıb: bəzi günlərdə alimlər gündə 500-dən çox zəlzələ qeydə alırlar.

“Axial Seamount” son 30 ildə ən azı üç dəfə - 1998, 2011 və 2015-ci illərdə püskürüb. Vulkan yumşaq profilli geniş sualtı qalxandır və partlayışlarla deyil, sakit lava axınları ilə püskürür.

Alimlər bildirirlər ki, vulkan aktiv olsa da, insanlar üçün təhlükə yaratmır: sahildən çox uzaqdadır və sahilyanı ərazilərə təsir etmək üçün çox dərindir.

Seçilən
0
teleqraf.com

1Mənbələr