AZ

Əsrə bərabər neftçi ömrü...

Nüsrət Xəlilov-100

Azərbaycanda neftçi peşəsinin qədim tarixi var. Çünki odlar yurdu olan ölkəmizin neft tarixi də ta qədim dövrlərə gedir. Təsadüfi deyil ki, dünya neft tarixinin ilkləri məhz Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Gecə-gündüz dənizdə və quruda yorulmaq bilmədən çalışan, yeni uğurlara imza atan neftçilərimiz hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Bu şərəfli peşə sahiblərindən biri də neft tarixinə adını yazdıran neftçi-geoloq, professor Nüsrət Xəlilov olub.

Neft sənayesinin veteranlarından sayılan Nüsrət Yusif oğlu Xəlilov 1925-ci ilin may ayının 9-da Göyçay şəhərində anadan olmuşdu. 1937-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş Nüsrətin Böyük Vətən müharibəsi başlayanda 16 yaşı var idi. Onun böyük qardaşı Əbdülhəmid Xəlilov 28 yaşında Bakı şəhər partiya komitəsinin katibi idi. O vaxtlar vəzifəli şəxslər övladlarını, qardaş və bacılarını hərbi zavodlara, mədənlərə və başqa çətin sahələrə işləməyə göndərirdilər. Qardaşı Nüsrətə məsləhət görmüşdü ki, o axşam məktəbinə daxil olsun, gündüzlər isə hərbi zavodda işləsin. Hələ sağlığında həmin illəri Nüsrət Xəlilov belə xatırlayırdı:

“Rostov şəhərindən köcürülmüş hərbi radio zavoduna məni 3-cü dərəcəli elektrik vəzifəsinə təyin etmişdilər. Bu zavodda işləyənlərin 90 faizini müxtəlif millətlərin nümayəndələri təşkil edirdilər. Onlar sxem üzrə müharibə şəraitində istifadə olunan radiocihazları yığırdılar. Mən də elektrik kimi bəzi detalları lehimləyirdim. Zavodda iş həddindən artıq cox idi. Lehim aparatları tez-tez yanıb sıradan çıxsa da, mən onları təmir edirdim.”

Nüsrət Xəlilov zavodda 2 il işlədikdən sonra 18 yaşı tamam olanda orduya çağırılır. 77-ci Azərbaycan diviziyasında döyüşlərdə iştirak etdi. 1943-cü ilin iyulundan başlayaraq siravi əsgər kimi vuruşur. Rostovdan Dnepr çayına kimi böyük döyüş yolu keçmişdi. Döyüşlərlə bağlı xatirələrindən danışarkən Nüsrət müəllim o günlərin həyəcanını yaşayırdı:

“Döyüşlər çox çətin və qanlı gedirdi. Dnepr çayını keçməyə cəhd edərkən 1943-cü ilin 22 dekabrında ağır yaralandım. Hospitalda müalicə olunduqdan sonra 3 aylıq tank məktəbini bitirdim.”

N.Xəlilov 1944-cü ilin may ayından bir tankçı kimi vuruşmağa başlamışdı. Bu illərdə müharibədə üstünlük Sovet Ordusunun əlində idi. Faşistlər Sovet Ordusunun hücumlarına davam gətirməyərək, bütün cəbhə boyu qaçırdılar. Döyüşlərin birində onun vuruşduğu tank korpusu 200 min alman əsgər və zabitlərini, hətta generallarını da mühasirəyə almışdı. Düşmən əvvəl çox güclü müqavimət göstərsə də sonradan ərzaq və sursatları qurtardığı üçün təslim olurdular. Bu döyüşlərdə göstərdiyi şücaətə görə Nüsrət müəllim Böyük Vətən müharibəsi ordeni ilə təltif olunmuşdu. Müharibədən sağ-salamat qayıdan Nüsrət müəllim vətən uğrunda xidmətlərinə görə 2 orden və 13 medalla təltif olunmuşdu.

Müharibədən sonra Nüsrət Xəlilov Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji kəşfiyyat fakültəsinə qəbul olmuş və 1951-ci ildə oranı bitirmişdi. O, 30 il Gürgən və Sahil dəniz kəşfiyyat idarəsində baş geoloq vəzifəsində çalışmışdı. 30 il ərzində 10 neft və qaz yataqlarının açılmasında bilavasitə iştirak etmişdi.

Bir-birinin ardınca dənizdə açılan neft yataqları gənc geoloqun elmi axtarışlara olan həvəsini daha da artırırdı. Bunun nəticəsi olaraq 1962-ci ildə o, istehsalatdan ayrılmamaqla “Abşeron arxipelaqının şimal-qərb hissəsinin geoloji quruluşu və neftli-qazlılığı perspektivliyi” adlı dissertasiya işini müdafiə etmişdi. N.Xəlilov Abşeron bankasında Qala hövzəsi adlanan sahədə quyu qazılmasını təklif etmişdir və həmin quyular sənaye əhəmiyyətlı qaz fontanı vurmuşdu. 1974-ci ildə Nüsrət Xəlilov “Bakı arxipelaqının geoloji quruluşu və yüksək anomal lay təzyiqi şəraitində neft-qaz axtarışı, kəşfiyyatı işlərinin effektivliyini yüksəltmək yolları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdi.

N.Xəlilov tərəfindən geologiya elmində ilk dəfə olaraq “Bulla-dəniz” yatağında osmotik halların anomal yüksək lay təzyiqlərinin əmələ gəlməsi və onlara qarşı mübarizə metodu hazırlanmışdı. Bu proseslər laboratoriya şəraitində osmoqraf cihazı vasitəsi ilə yoxlanmış və yüksək nəticə alınmışdı.

1982-ci ildə Xəzər dənizində geologiya elminin inkşafinda böyük əməyinə görə və neft-qaz yataqlarının kəşfində, mənimsənilməsində Nüsrət Xəlilova Azərbaycan Respublikasının “Əməkdar geoloq” adı verilmişdi.

30 il dənizdə çalışdıqdan sonra o, 1980-cı ildən Dövlət Neft-qaz Layihə Elmi Tədqiqat İnstitutunda (indiki Neftqazelmitədqiqatlayihə İnstitutu) Dəniz neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı laboratoriyasının müdiri vəzifəsinə təyin olunub. Nüsrət müəllim həyatının 59 ilini Xəzər dənizinin geologiyasına, neftlik və qazlılığına və başqa sahələrinə həsr etmişdi. Onun elmi əsərləri, Azərbaycanın, keçmiş SSRİ-nin və başqa ölkələrin jurnallarında çap olunmuş və onun tədqiqatlarına istinadlar edilib.

N.Xəlilov 1 elmlər doktoru və 3 elmlər namizədi hazırlamışdır. O, 3 dəfə 70, 75 və 80 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri fərmanı ilə təltif edilmişdi. Nüsrət Xəlilov I və II dərəcəli Böyük Vətən müharibəsi ordenləri və 14 medalla təltif olunmuşdu.

Əməkdar geoloq, professor, geologiya-mineralogiya elmləri doktoru Nüsrət Xəlilov neft sənayesinin inkişafında göstərdiyi xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən 2006-cı ilin 19 sentyabr tarixli Fərmanı ilə Prezident təqaüdünə layiq görülmüşdü.

Görkəmli alim 2012-ci ildə vəfat edib. Yaşasaydı may ayının 9-da Nüsrət Xəlilov 100 illik yubileyini qeyd edəcəkdi. İndi Nüstət Xəlilov doğmalarının, yaxınlarının və neft sənayesində çalışanların xatirələrində yaşayır.

Mehman Yusifov,
Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstititunun baş mütəxəssisi

Seçilən
0
ikisahil.az

1Mənbələr