"Football-plus.az" xəbər verir ki, indi dəbdə olan əsas futbolçu “Barselona”nın yeniyetmə ulduzu Lamin Yamaldı. İspaniyalı vunderkind “İnter”lə ilk yarımfinal oyununda da özünü ən yaxşı tərəfdən göstərdi. Əslində məhz onun vurduğu qol oyunda dönüş yaratdı. 24-cü dəqiqəyə qədər hesab 0:2 idi və hissənin sonuna qədər belə davam etsəydi, bəlkə də “Barsa” növbəti faciə ilə üzləşəcəkdi.
17 yaşlı futbolçu oyundan sonra da diqqət mərkəzində olub. “CBS Sports”un studiyasında Ceymi Karrager ilə Mayk Riçards onu sorğu-sual tutub. Hansısa məqamda “Arsenal”ın əfsanəsi, vaxtilə “Barselona”nın da formasını geymiş Tyerri Anri də təşəbbüsü ələ keçirib.
O, Laminə deyib ki, mayın 11-də keçiriləcək növbəti “el klasiko”nu izləyənlər arasında olacaq. Bundan başqa, Anri oğlunun Yamalın formasını əldə etmək arzusunu çatdırıb. “Barselona”nın ulduzu özünü itirməyib və belə cavab verib: “Mən də sizin formanızı istəyirəm”. Tyerri dəqiqləşdirmək istəyib: “Arsenal”da, yoxsa “Barselona”da geydiyimi? Lamin seçim imkanını fransalı əfsanəyə buraxıb.
Lamin studiyadakı söhbətə qoşulana qədər Anri onun ünvanına kompliment yağdırıb:
“Lamin Yamalın ifasında gördüklərim... 17 yaşda belə oyun göstərmək ağlasığmazdı. Onun oyunu dərk etməsi, rahatlığı, oyunu görməsi, müdafiə olunması və pressinq etməsi – bunlar normal şeylər deyil. Bilirsizmi, futbolda məni ən çox təəccübləndirən nədi? Sən həmişə düşünürsən ki, heç kim Messi ilə Ronaldodan yaxşı ola bilməz. Amma sonra Yamal ortaya çıxır”.
Hələ 18 yaşı tamam olmayan birinin meydanda göstərdiyi şou, oyunboyu yorulmadan komanda üçün çalışması, daha təcrübəli oyundaşlarını irəli getməyə həvəsləndirməsi, texniki bacarıqları öz yerində, bu yaşda 100 oyun həddinə çatması da bir başqa uğurdu.
Yeri gəlmişkən, Lamin “Barsa”nın əsas komandasında artıq 55 məhsuldar hərəkətlə yadda qalıb. Onun hesabında 22 qol və 33 məhsuldar ötürmə var. Müqayisə üçün deyək ki, Messinin onun yaşında olanda cəmi 9 oyun keçirmiş, 1 qol vurmuşdu. Ronaldonun hesabında isə 19 oyun, 5 qol və 4 ötürmə var idi.
Bəli, hər şey ondan xəbər verir ki, biz yeni bir dünya ulduzunun erasına qədəm qoymuşuq.