AZ

Piyada qaydanı pozarsa, sürücü məsuliyyət daşıyır?

Bəzən piyadalar sürətli yolları, xüsusilə də avtomagistral və yüksək sürət həddi olan magistral yollarda keçid olmadığı yerlərdən keçməyə cəhd edirlər. Bu halda həm öz həyatlarını təhlükəyə atırlar, həm də həmin yoldan istifadə edən sürücülər üçün qəfil və ağır nəticələrə səbəb ola biləcək riskli vəziyyətlər yaradırlar. Bəs sürət həddi yüksək olan yolda piyada qəfil şəkildə, keçid olmayan yerdən keçərək sürücünün qarşısına çıxarsa və nəticədə ölüm ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verərsə, sürücünün hüquqi məsuliyyəti necə müəyyən olunur? Nəqliyyat eksperti İlqar Hüseynli Metbuat.az-a açıqlamasında bildirib ki, burada piyada ilə bağlı bir neçə məqama fikir vermək lazımdır: “İlk növbədə piyadanın hadisə zamanı spirtli içki və ya narkotik maddələrin təsiri altında olub-olmaması məsələsi araşdırılır. Eyni zamanda onun yolu haradan keçməsi də əhəmiyyətlidir. Əgər piyada piyadalar üçün nəzərdə tutulmuş keçid zolağından və ya yolayrıcından istifadə edərək yolu keçibsə, bu onun xeyrinə qiymətləndirilir və belə halda sürücünün məsuliyyəti daha da artır”. İ.Hüseynlinin sözlərinə görə, əgər piyada keçidi olmayan yerdən keçibsə belə, sürücünün burada məsuliyyət məsələləri var: “Sürücünün yol hərəkəti qaydalarına necə əməl etdiyi də mütləq araşdırılır. Burada sürət həddinə riayət edilib-edilməməsi, nəqliyyat vasitəsinin texniki vəziyyəti və hadisə zamanı sürücünün əyləcdən düzgün istifadə edib-etmədiyi önəmli amillər sırasındadır. Avtomobilin hansı məsafədə dayana bildiyi, əyləc sisteminin funksionallığı, sürüşmə məsafəsi və digər texniki göstəricilər avtotexniki ekspertiza vasitəsilə müəyyən olunur. Bütün bu məsələlər sürücünün xeyrinədirsə, o zaman belə qənaətə gəlmək olar ki, o, yalnız inzibati xətaya görə məsuliyyət daşıyır. Lakin əgər sürücü sürət həddini aşmış, piyadanı keçid zolağında vurmuş və ya hadisə zamanı özü alkoqol və ya narkotik maddələrin təsiri altında olmuşsa, bu halda cinayət məsuliyyəti yaranır. Əgər belə bir hadisə insanın ölümünə səbəb olubsa, bu, artıq cinayət məsuliyyəti sayılır və ölüm faktına görə sürücü qanunvericilikdə nəzərdə tutulan cinayət əməlinin cəzasını almalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
0
4
metbuat.az

5Mənbələr