Bakıda 2030-cu ilə qədər 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır. Bu genişlənmə fonunda paytaxtın uzaq ərazilərindən biri olan Hövsana metro xəttinin çəkilib-çəkilməyəcəyi məsələsi də gündəmdə maraq doğurur.Nəqliyyat mütəxəssisi Rauf Ağamirzəyev Metbuat.az-a açıqlamasında Hövsanda metrostansiyanın tikilməsini real hesab etmədiyini söyləyib. O, bunun səbəbini konseptual planın mövcudluğu ilə əlaqələndirib: “Hövsanda dəmir yolu da var və müsbət cəhətlərdən biri odur ki, Bakıxanov–Hövsan mənzilləri üzrə dəmir yolu xətti Transxəzər nəqliyyat marşrutuna daxil olan Hövsan limanına qədər uzanır. Məhz bu səbəbdən həmin dəmir yolu əsaslı təmir edilib və ümumi dövlət proqramında da bu istiqamət üzrə fərqli planlar qeyd olunub. Dəmir yolunun modernizasiyası layihəsi çərçivəsində məhz bu istiqamət üzrə yenidənqurma işləri aparılır və yeni stansiyaların tikintisi də nəzərdə tutulub. Düşünürəm ki, Hövsan MİDA-nın yanında əlavə stansiyanın tikilməsi və orada dayanacağın verilməsi daha realdır. Çünki artıq dəmir yolu mövcuddur və onu modernləşdirib qatar sayını artırmaqla Hövsanı həm Koroğluya, həm də 28 May stansiyasına birləşdirmək mümkündür”.
R.Ağamirzəyev qeyd edib ki. bu yanaşma yalnız Hövsan üçün deyil, həm də Maştağa üçün keçərlidir:“Eyni zamanda Qala-Zirə istiqamətində, eləcə də Maştağa və Buzovna istiqamətində də bu cür inkişaf mümkündür. Gələcəkdə yük trafiki ilə sərnişin trafikini ayırmaqla Sumqayıt istiqamətində daha sürətli hərəkəti təmin etmək olar”.Sevinc İbrahimzadə / Metbuat.az