AZ

Niyə “Bakı” yox, “Москва”? - Yerli istehsal müəssisələri əhalini necə aldadır...

Yaxud xaricdə istehsal olunan əksər məhsulların üzərində niyə Azərbaycan dilində məlumat verilmir?

Eyyub Hüseynov: “Bu, istehlakçıların cəlb edilməsi və aldadılmasıdır”

Xarici ölkələrdən idxal olunaraq mağazalarda satışa çıxarılan əksər ərzaq məhsullarının üzərində tərkibi ilə bağlı Azərbaycan dilində açıqlama yoxdur. Məhsula baxırıq, satıcı tərifləyir, amma kor-koranə almaq da doğru deyil. Bu, həm açıq-aşkar istehlakçı hüquqlarının pozulması deməkdir. Çünki alıcı aldığı məhsulun tərkibi haqqında öz dilində məlumat almaq hüququna malikdir.

Ümumiyyətlə, hər bir istehlakçı öz hüquqularını öyrənməlidir. Məsələn, hər kəs bilməlidir ki, üzərində Azərbaycan dilində izahatı olmayan məhsullar satışa çıxarıla bilməz. Bu cür hallarla qarşılaşan vətəndaşlar 195-2 çağrı mərkəzinə müraciət etməlidirlər.

Dəfələrlə şahidi olmuşuq ki, bəzi məhsulların üzərində bir çox dildə məlumat olduğu halda, Azərbaycan dilində məlumat olmur. Bəlkə, yetkili şəxslər bununla bütün xarici dilləri vətəndaşlarımıza “öyrətmək” istəyirlər. Əslində, bir neçə dil bilməyin ziyanı da yoxdur. Amma hər birm vətəndaş öncə öz dilini mükəmməl şəkildə bilməli, sonra xarici dillərə maraq göstərməlidir. 

Bunu da bir qırağa qoyub, keçək öz içimizdəki dilimizə düşmən olan sahibkarlara. Əminliklə deyə bilərik ki, öz dilimizi “unudan” şirkətlərdən biri də məhz “Avrora Qrup” dur. Şirkət hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüterlərindən biridir. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir. Şirkətin istehsal etdiyi “Москва” “peçenye”lərində Azərbaycan dilində çox xırda olan yazılarla şirkətin istehsalı olduğu qeyd olunur. O halda n iyə məhz “Москва”? Dilimizə qarşı bu cür düşmənçilik hardan qaynaqlanır?

Ümumiyyətlə, Azərbaycanda istehsal olunan bir sıra məhsulların yerli istehsal olduğu gizlədilir. Bununla da istehlakçı aldadılır. Məsəslən, “Москва” “peçenye”ləri alan vətəndaşların əksəriyyəti üzərini diqqətlə oxumadan, bu məhsulların yerli şirkət tərəfindən istehsal olunduğunu ağlına da gətirməz. Şübhəsiz, burada məqsəd həmin məhsulları “xarici ölkənin istehsalı” kimi təqdim edib, həm müştərini cəlıb etmək, həm də baha qiymətə satmaqdır. Yəni başqa ölkənin adı ilə artıq qazanc əldə etmək.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən istehlakçıların malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmə hüququ var və ixrac mallarının üzərinə Azərbaycan dilində vərəqə vurulmalıdır.

“Dövlət dili haqqında” Qanunda da qeyd edilib ki, Azərbaycan ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.

Uzun illərdir bu məsələ müzakirə edilsə də, hələ də bu cür halların yaşanması təəccüb doğurur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarət etməlidir. Bu, hər kəsə bəllidir. Bəs niyə, hansı səbəbə sahibkarlara və satıçılara bu halın təkrar olunması üçün imkan yaradılır. Dəfələrlə bu məsələlər qaldırılsa da, heç bir addım atılmır. Bəzi dövlət orqanları qanunların icrası üçün çalışmalı olduqları halda bunun əksini edirlər.

Bəli, bəzi məhsullar var ki, “peçenye”, qatılaşdırılmış süd, xama, çay, qənd, yağ və s. bütün bunlar Azərbaycanda istehsal olunsa da, üzərinə böyük rus hərfləri ilə “Москва”, “Королева”, “Молочник”, “Сметана”, “Ромашка”, “Хоман люкс”, “Калинка”, “Azerçay” və s. yazılır. Yəni “Azərçay” əvəzinə “Azerçay” yazırlar. Rəsmi qurumlar isə bütün bunlara göz yumur.

Əlbəttə, biz vətəndaş olaraq öz dilimizə, öz mənəviyyatımıza dəyər verməliyik. Diliimiz bizim üçün dünyanın ən gözəl dillərdən biridir. Bu səbəbdən də, məhsullarımızın üzərində mütləq ilk növbədə öz əlifbamızı qeyd etməliyik.

Aldanmaq, aldadılmaq istəməmək haqqımızdır. Azərbaycana aid olan hər hansısa məhsul həm də millətin, dövlətin təbliğatı deməkdir.

Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, hazırda Prezident yanında Antihisar və Bazara Nəzarət Dövlət Agentliyinin nəzdində olan Standart İnistitunda ərzaq mallarının markalanması standartı müzakirə olunur: “Ayın 12-də müzakirə olundu. Mən də texniki komitənin üzvüyəm. Bu kimi məsələlərə nəzarət yetirildi ki, hansı şriftlə, məhsulun hansı tərəfində, hansı məlumat olmalıdır və s. “Yeyinti məhsulları haqqında” qanunda, Nazirlər kabinetinin 94 saylı qərarında, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda birmənalı şəkildə yazılır ki, əmtəələrin üzərində, yəni etiketində mütləq Azərbaycan dilində milli dildə informasiya olmalıdır. Təkcə ərzaq malları yox, ölkədə satılan bütün texniki cihazların, avtomobillərin müşahidə edici sənədləri və s. hamısı Azərbaycan dilində olmalıdır. Hələ o standart qüvvəyə minməyib. Yəqin bundan sonra bu problem həllini tapacaq.

Əlbəttə, bu, istehlakçıların cəlb edilməsi və aldadılmasıdır. Malların üzərində mütləq milli dilin qramatikasına uyğun yazılar yazılmalıdır. Düşünürəm ki, standart qəbulundan sonra vəziyyət dəyişəcəkdir. Qida Təhlükəsizlik Agentliyi yarlıq məlumatları ilə qidanın tərkibinin düz gəlməsi məsələsini artıq təqib edir. Müəyyən monitorinqlər aparır. Bu sahədə ciddi məsələlərdən biri İrandan gələn mallardır. İrandan gələn mallar illərdir ki, Fars dilində satışa buraxılır. Bəzən buraxılma tarixi və son yararlılıq müddəti Azərbaycan dilində olmur. Azad İstehlakçılar Birliyi bu sahədə media vasitəsilə xeyli iş aparıb. İrandan gələn malların milli dildə yazılması çox ciddi məsələlərdən biridir. Hərflər, ifadələr Azərbaycan dilinin qramatikasına uyğun olmalıdır. Bu, istelakçıların aldadılması, cəlb edilməsi üçün olunan jestlərdir.

Bəzən əhali səhv olaraq Rusiya mallarına üstünlük verir. Onlar anlamırlar ki, Rusiyadan və başqa ölkələrdən gətirilən malların çoxu saxtadır. Misal üçün, bu gün mənə məlumat gəldi və aydın oldu ki, Azərbaycana Belarusda istehsal olunmuş və saxta markalanmış şirələr gətirilib. Əlbəttə, bu məlumatlar da araşdırılacaq”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şirkətlərin və rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.

 

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr