Bəs komandanın 1-ci liqa ilə bağlı hədəfi nə olacaq? Klubun maliyyə durumu hansı səviyyədədi? Ev oyunlarının harda keçiriləcəyi ilə bağlı yekun qərar verilibmi? Ümumiyyətlə, xaçmazlıların 1-ci liqa ilə bağlı planları necədi?
Bu suallarla “Şimal”in idman direktoru Elxan Yusifliyə müraciət etdik:
“Bəli, turnir cədvəlində əsasən 1-ci liqaya vəsiqə qazanmışıq. Amma lisenziyalaşdırma məsələləri var ki, bununla bağlı AFFA tərəfindən yekun qərar verilməyib. İstənilən halda, tələb olunan meyarlar üzrə lazım olan bütün işləri görmüşük. İndi səbrsizliklə AFFA-dan cavab gözləyirik. 1-ci liqa ilə bağlı hədəflərimiz hələ konkretləşməyib. Mövsüm bitəndən sonra sponsorlarımızla rəhbərlik arasında görüş keçiriləcək və buna uyğun addımlar atılacaq. Təbii ki, iddialı olmaq istəyirik. Ən pis halda, az büdcə ilə maksimum hədəflər uğrunda mübarizə aparacağıq. İndiyə qədər etdiyimiz kimi... Maliyyə gücümüz bizdən aşağı sırada olan bəzi komandalardan daha zəifdi. Gənc komandayıq. Sadəcə, işimiz uğurlu alınıb. 1-ci liqada da həmin uğuru təkrarlamaq istəyirik. Ev oyunlarımızı Xaçmaz Olimpiya İdman Kompleksində keçirmək niyyətindədik. Düşünürük ki, Gənclər və İdman Nazirliyi bu məsələni həll edə bilər. Çünki bu idman qurğusunun şəraiti yaxşıdı. Təkcə ot örtüyü bərbad vəziyyətdədi ki, bunu da həll etmək olar. Belədə təkcə bizim üçün yox, ümumiyyətlə, şimal bölgəsi üçün böyük addım atılar. Biz də oranı icarəyə götürüb istifadə edərik. Bilindiyi kimi, ev oyunlarımızı Siyəzən şəhər stadionunda keçiririk. Yəni bütün matçlarımız səfərdə olur. Əsas variant kimi Xaçmazda oynamaq istəyirik. Alınmasa, Quba şəhər stadionunda meydana çıxa bilərik. Bu da reallaşmasa, başqa variantlar üzərində düşünəcəyik”.
“Şimal”ın kapitanı Tural Cəlilova da tribuna verdik. Onun açıqlaması: “Komandamız iki ildi yaranıb. Ötən il Region Liqasındaiştirak edirdik. Çempion olandan sonra ikinci liqaya yüksəldik. İlk yarandığımız gündən tez bir zamanda bu dərəcə yüksələcəyimizi gözləmirdik. Rəhbərlik mübariz bir komanda yaratmaq istəyirdi. Biz zonamızın gəncləri ilə bu nəticəni əldə etmişik. Bir yerdə oynayan komanda araya-ərsəyə gətirdik. İkinci liqada ortalarda qərarlaşsaq, kifayət edəcəyini düşünürdük. Çox yaxşı mübarizə apardıq və 3-cü pilləni təmin etdik. Bu nəticə bizi sevindirdi. Potensiallı uşaqlarımız var. Biz bunun üçün çalışırıq. Ortaya keyfiyyətli iş qoymaq istəyirik. Birinci liqada hədəf ikinci liqaya düşməmək olacaq. İstədiyimiz bəzi məsələlər var ki, onlara çatmaq üçün vaxt lazımdı. Nəticə arxasınca qaçmayacağıq. Gənclərimizi yetişdirmək üçün çalışacağıq. Maraqlı oyun göstərmək istəyirik. Komandaya yeni futbolçular cəlb olunacaq. Bir-iki ay ərzində bəlli olacaq ki, hansı maliyyəyə uyğun komanda düzəltməliyik. Təcrübəli futbolçularımız var. Komandada belə futbolçular mütləq olmalıdı. Otuzdan çox xaçmazlı futbolçu “Qəbələ”, “Turan Tovuz” və “Sabah”da çıxış edir. Onları cəlb etməklə normal kollektiv qurmaq istəyirik. Çempionat hələ bitməyib. Futbolçu axtarışında olacağıq. Bəzi məsələlərin həlli üçün zaman lazımdı”.
KƏNAN BAHADIR, ƏSƏD SEYİDOV