AZ

İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçirilib

2-3 may tarixlərində İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçirildi. Festival "Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirildi.

İçərişəhər bu festivala çox gözəl hazırlaşmışdı. Eyvanlar, abidələr, hər yer xalça ilə bəzədilmişdi. Hər yer xalçaya bürünmüşdü. Kim yerdə xalçanın üstündə oturub şəkil çəkdirirdi, kim xalçaçıların yanında dayanıb xalça toxumağa öyrənirdi, kim dayanıb sadəcə izləyirdi. Yerə sərilmiş xalçaların üzərindən keçərkən bir başqa aləmdə özünü hiss edirdin. Həqiqətən çox gözəl idi. İçərişəhərdə həmin gün çoxlu turist və yerli sakin görmək olardı. Hamı festivala gəlmişdi. Bir sözlə Köhnə Şəhərdə bayram ab-havası hökm sürürdü.

Festivalda Azərbaycanla yanaşı Özbəkistan, İran, İngiltərə, Pakistan, Çin, Hindistan, Türkiyə, Kanada, Rusiya, Türkiyə, Qazaxıstan, Tatarıstan və bir çox digər ölkələrdən xalçaçılar, sənət adamları, xarici qonaqlar da iştirak edirdilər. Onların da bu festival çox xoşuna gəldi. Ümumiyyətlə onlar mədəniyyətimizlə çox maraqlanırlar. O cümlədən xalçalarımıza böyük maraq göstərirlər. Mənmunluq hissi simalarında açıq görünürdü.

"Beynəlxalq Xalça Festivalı" çərçivəsində xalça naxışları ilə bəzədilmiş traktor da gördük. Milli ornamentlərdən ibarət xalçalarla xüsusi bəzədilən traktor hamının marağına səbəb olmuşdu.

Festivala qatılan həm yerli, həm də xarici ziyarətçilər qeyri-adı traktorla şəkillər çəkdirdilər.

Qərbi Azərbaycan Xalçaları da festivalda sərgilənirdi. Göyçə mahalının xalçalarını görəndə sevindim. Qız Qalasının yanında böyük Şuşa xalçasını gördük.

2 gün davam edən festivalda bir çox rəssam və xalçaçıların sərgisi təşkil olunmuşdu. Aydan Salahova, Samirə Allahverdiyeva, Həsən Həsənov və Faiq Əhmədlə görüşlər təşkil olunmuşdu. Mayın 2-də və 3-də gənc və istedadlı rəssam Faiq Əhmədin sərgisində iştirak etdik. Sərgi İçərişəhərdə QQalery-də 2 gün davam etdi. Rəssamın ən gözəl və seçilmiş işləri nümayiş olundu. Faiq Əhmədin sərgisinə gələnlər onun əsərləri ilə tanış olub, mənmunluğunu bildirirdilər. Faiq Əhməd, gənc rəssamdır. Sumqayıtda doğulub. Xaricdə yaşayır. Lakin əsərləri mütəmadi olaraq Bakıda da sərgilənir. Onun bir xalçası isə ən lap xoşuma gəldi, ən sevdiyim xalça o oldu. "Hal" adlanırdı o xalça. Saatlarla dayan və bu xalçaya bax. Bilmirəm niyə bu xalça mənə doğma gəldi. Bəlkə o da mənim kimi təklikdə ağlamağı sevir. Mən rəssama dedim ki, bu xalça mənə doğma gəlir. Mənası nədir? Dedi ki: "Ozünüz tapın. Özünüz düşünün. Sizcə mənası nədir?" Mən dedim: "O da mənim kimi ağlamağı sevir, təklikdə ağlamağı sevir. Ağlayanda içi boşalır və sakitləşir". Rəssam baxdı mənə və dedi: "Bəlkə də"...

Faiqin digər əsərləri də böyük maraqla qarşılandı.

Festivalın məqsədi Azərbaycan xalçaçılıq sənətini beynəlxalq aləmdə təbliğ etmək, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, eləcə də müxtəlif ölkələrdən gəlmiş xalça ustalarının təcrübə və bacarıqlarından bəhrələnmək idi.

Xalçaçılıq sənəti zəngin mədəniyyətimizi və tariximizi əks etdirir. O da bir sənət əsəridir. Milli sərvətimiz olan xalçaçılığın inkişafına, yaradıcılıq ənənələrimizin dünyada tanıdılmasına xüsusi diqqət yetirilir.

Cənab Prezident İlham Əliyevin 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən, hər il mayın 5-i ölkəmizdə Xalçaçı Günü kimi qeyd olunur. Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Bayramınız mübarək olsun!

Leyla Turan

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Seçilən
0
turkustan.az

1Mənbələr