AZ

"Rumıniyada prezident seçkilərində ultrasağçı Corce Simion qalib gəlib"  -  "Politico"

"Simion özünü antiukrayna və rusiyayönümlü kimi təqdim edir, "öncə Rumıniya" deyir..."
 
Ultrasağçı "Rumınların birliyi uğrunda Alyans"ın (AUR) lideri və millətçi siyasətçi Corce Simion mayın 18-də keçiriləcək ikinci turdan öncə liderlik edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Qeyd edilir ki, Corce Simion Donald Tramp və İtaliyanın sağçı baş naziri Corca Melonini açıq dəstəkləyir. Nəşrin yazdığına görə, Simionun Ukraynaya girişi "müntəzəm antiukrayna fəaliyyəti" səbəbilə üç il müddətinə qadağan olunub.
 
Simion birinci turda inamlı qələbə qazanıb. İkinci turda onun rəqibi paytaxt meri Nikuşor Dan olacaq. Bu seçki Rumıniyanın da sağa sürüşən Avropa ölkələrinin sırasına qoşulub-qoşulmadığını göstərəcək.
 
38 yaşlı Simion tarix üzrə təhsil alıb, tələbəlik illərində fəal kimi tanınıb. O, Rumıniya ilə Moldovanın birləşməsi ideyasını müdafiə edib. 2019-cu ildə AUR partiyasını yaradıb. Trampın MAGA (Amerikanı Yenidən Böyük Edək) şüarından ilhamlandığını deyir. Partiyası 2020-ci ildən Rumıniya parlamentində ikinci ən güclü fraksiyadır.
 
COVID pandemiyası dövründə AUR hökumətin tədbirlərini, o cümlədən karantinləri tənqid edib, peyvəndlərlə bağlı konspirasiya nəzəriyyələri yayıb. Bu isə partiyanın populyarlığını artırıb.
 
Simion özünü antiukrayna və ya rusiyayönümlü kimi təqdim etmir, "öncə Rumıniya" deyir. Ancaq Kiyev və Kişinyov onu milli təhlükə hesab edir, onun Moldovaya da bir neçə dəfə girişinə qadağa qoyulub.
 
Simion Avropa İttifaqını tənqid edir, bəzi qanunlara qarşı çıxır, lakin Rumıniyanın blokda qalmalı olduğunu bildirir. Ötən ay verdiyi müsahibədə "ultrasağçı" etiketini qəbul etməyib. O, Melonini siyasi kumiri sayır və Avropada "melonizasiya"nı dəstəkləyir. 2024-cü ilin noyabrında, ləğv olunmuş seçkilər ərəfəsində, "simiollaşma"nın da yaxınlaşdığını bildirib.
 
Həmin seçkilərdə 4-cü yeri tutan Simion rusiyameyilli namizəd Kelin
Corceskunun qalib gəlməsindən sonra məhkəmənin seçkini ləğv etməsinə etiraz edib və yeni seçkiləri "xalqın iradəsi uğrunda mübarizə" kimi təqdim edib. Qələbə qazanacağı halda Corceskunu yüksək vəzifəyə təyin edəcəyini vəd edib.
 
Debatlarda o, solçu namizədə gül dəstəsi verib və etiraz olaraq zalı tərk edib, bu jest onun nümayişkaranə və populist yanaşmasını əks etdirir. İndi isə küçə fəallığından başlayaraq ultrasağçıların liderinə çevrilən Simion prezidentlik sarayına - Kotroçen qalasına köçməyə hazırlaşır. Seçkiləri qazansa, Rumıniyanın ən nüfuzlu siyasi fiquruna çevriləcək.
Seçilən
0
moderator.az

1Mənbələr