AZ

Netanyahu Bakıya gələ bilmədi - Suriyada İsrail-Türkiyə qarşıdurmasının yeni pilləsi başlanır...


Əli Orucov: “İki ölkə arasında belə gərginliyin olması ölkəmizin maraqlarına uyğun deyil”

Məlum olduğu kimi, İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri təxirə salınıb. Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Məlumatda bildirilib ki, Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin gərgin qrafiki və təhlükəsizlik tədbirləri səbəbindən Baş nazir Benyamin Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib və iki ölkə arasında isti münasibətləri yüksək qiymətləndirib.

Qeyd edək ki, B.Netanyahunun Bakıya səfəri mayın 8-nə planlaşdırılırdı.

Maraqlıdır, Netanyahunun səfəri niyə təxirə salındı? Məlum proseslər fonunda Suriyada İsrail-Türkiyə münasibətləri necə olacaq?

“Qəzzada əməliyyatların genişlənməsi fonunda Netanyahunun səfərinin təxirə düşəcəyi ehtimalı var idi”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov Netanyahunun səfərinin təxirə düşməsini İsrail-Türkiyə münasibətləri fonunda qiymətləndirdi: “Son aylarda İsraillə Türkiyə arasında Qəzza müharibəsi ilə bağlı gərginliklər yaşanır. Üstəlik, bu gərginlik daha da artır. Məsələ ondadır ki, Türkiyə İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatlarını qınayır. Ankaranın bu məsələdə sərt mövqe tutması ikitərəfli münasibətlərin soyumasına səbəb olub. Məhz son vaxtlar İsrailin Qəzzada əməliyyatlarının genişlənməsi fonunda, Netanyahunun Bakı səfərinin təxirə düşəcəyi ehtimalı var idi. Çünki regionda vəziyyət çox gərgindir. Problem ondadır ki, Suriyada Türkiyə və İsrail maraqlarının toqquşması iki ölkə arasında gərginliyi getdikcə artırır. Xüsusən də İsrailin Türkiyənin Suriyada hərbi bazalar yaratmasına qarşı kəskin mövqe sərgiləməsi münasibətləri daha da dramatikləşdirir. Elə bu səbəbdəndir ki, bu günlərdə İsrail Dəməşqdə yeni Suriya hökumətinin iqamətgahının yaxınlığına bomba atdı. Sanki xəbərdarlıq edir ki, buna icazə verməyin. Bundan əvvəl İsrail Palmiranı bombaladı. Türkiyə məhz həmin ərazidə hərbi baza qurmaq niyyətində idi. Əlbəttə ki, Azərbaycana dost və müttəfiq olan iki ölkə arasında belə gərginliyin olması ölkəmizin maraqlarına uyğun deyil. Azərbaycan tərəflər arasında gərginliyin olmasını istəmir. Bütün imkanlarla çalışır ki, vasitəçilik edərək tərəfləri bir araya gətirsin. Şübhə etmirəm ki, vasitəçiliklə bağlı bundan sonra da Azərbaycan öz imkanlarını əsirgəməyəcək. Ancaq onu da nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə vəziyyət çox gərgindir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Netanyahunun səfərinin təxirə düşməsi müvəqqətidir. Müəyyən müddət sonra səfər reallaşa bilər”.

Vidadi ORDAHALLI

Seçilən
0
baki-xeber.com

1Mənbələr