İsrail Hərbi Hava Qüvvələri Qərbi Yəmənin bir sıra bölgələrinə, o cümlədən Hodeyda limanı və beynəlxalq hava limanı ərazisinə hava zərbələri endirib.
KONKRET.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, əməliyyatda 30-a yaxın döyüş təyyarəsi iştirak edib. Ümumilikdə ən azı 12 hava zərbəsi qeydə alınıb. Hədəflər arasında həm liman infrastrukturu, həm də hava limanı ərazisi olub. Zərbələrin nəticəsində dağıntılar meydana gəlib, lakin onların miqyası hələlik dəqiqləşdirilmir.
İsrail mediasının yaydığıməlu mata əsasən, hücumlar ABŞ-la koordinasiyalı şəkildə həyata keçirilib. Bununla belə, ABŞ ordusunun birbaşa iştirakı qeydə alınmayıb. Portal Axios bildirir ki, Vaşinqton hücumlar barədə əvvəlcədən məlumatlandırılıb. Ayrı-ayrı məlumatlara əsasən, ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Yəmənin paytaxtı Səna ərazisinə də zərbələr endirilib.
Hazırkı ana qədər nə İsrail, nə də ABŞ rəsmiləri bu hücumlarla bağlı rəsmi açıqlama verməyib.
Natiq Səlim,
KONKRET.az