AZ

Narkomaniya böyük bəladir - FOTO

Narkomaniya dövrümüzün ən dəhşətli bəlası olduğundan, hazırda ona qarşı mübarizə aparmaq hər bir vətəndaşımızım mənəvi borcudur. Çünki insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə, onun orqanizminə, sağlamlığına ən böyük zərbə vuran, “ağ ölüm” kimi tarixin yaddaşında yaşayan narkomaniya gündən-günə şiddətlənir. Bunu aparılan təhlillər də aydın şəkildə göstərir.

Narkomaniya elə bir təhlükəli və sosial əhəmiyyətli xəstəlikdir ki, hər kəsin başına qəfil gələ bilər. Hətta faciənin içində can verənləri görənlər belə, narkomanlığa doğru gedir.

Müasir dövrümüzdə isə yeniyetmələr, gənclər narkotik vasitələrə daha çox meyllənirlər. Bu da o deməkdir ki, ən qorxulu bəla bizimlə birlikdə irəliyə doğru addımlayır, gələcəyimizi təhlükə qarşısında qoyur.

Son zamanlar ölkəmizdə narkomaniya ilə hüquq-mühafizə orqanları, eləcə də digər təşkilatlar tərəfində ciddi tədbirlər görülür. Belə tədbirlərdə gəncləri, yeniyetmələri  bəşəri  faciədən uzaq salmaqdan ötrü əvvəli “cənnət”, sonu fəlakət olan narkomanlığın törətdiyi ağır fəsadları  barədə ətraflı məlumat verilir. 

Astara Pedaqoji Kollecində də respublikamızda “ağ ölüm” ə  qarşı mübarizənin uğurlu həlli üçün ardıcıl izahat işləri aparılır. Təhsil ocağında "Aqronomluq və qida texnologiyası” FBK-nın təşkilatçılığı sayəsində baş tutan növbəti belə tədbir  “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi” mövzusunda idi.

Tədbir iştirakçıları əvvəlcə Vətən, torpaq   naminə canını fəda edən qəhrəman  oğlanların  əziz xatirəsini bir dəqiqəlik sükutla andılar.

Tədbirdə FBK sədri Nisə Əskərova, Kimya və biologiya müəllimi  Dilruba Salayeva yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, narkotik maddələrdən  istifadə edənlərin  taleyindən,  onun insan həyatında yaratdığı sağalmaz  fəsadları və  ağır nəticələrdən, ondan qorunmağın vacib yollarından, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasından asudə vaxtın səmərəli təşkili və onlarda sağlam həyat tərzinin formalaşdırılması istiqamətində görülən işlərdən  geniş şəkildə danışdılar. Həmçinin, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə tələbələri daha çox düşündürən suallara cavab verildi.

Sonda Dilruba müəllim fikrini belə tamamladı: “Bəli, sadəcə bilmək lazımdır ki,  narkomanlıq insan həyatını yarımçıq qoyur, onu təbiətin yaratdığı bütün gözəl nemətlərdən məhrum edir. Daha doğrusu, narkomanın nə şəxsiyyəti, nə düşüncəsi, nə insan kimi duyğusu, hissi olur. Onlar heç kimi həqiqi məhəbbətlə sevə bilmir, əvvəli parlaq görünən qısa həyatına sonralar zülmət çökür”.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr