AZ

200 bal TOPLAYANLAR – Müəllim kimi YETİŞƏ biləcəkmi?

Ali məktəbə qəbulla bağlı keçid balı ən aşağı olan ixtisasların adları açıqlanıb. Qeyd olunub ki, bir çox ali məktəblərin kimya və biologiya müəllimliyi üçün cəmi 200 bal yetərlidir.

Maraqlıdır, biliklərin üçdən birini mənimsəməklə tələbə adını qazananlar gələcəkdə gərgin sertifikasiya imtahanı verə biləcək müəllim kimi yetişə biləcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açılama verən təhsil eksperti Elşən Qafarovun fikrincə, Azərbaycanda hansı ixtisaslara daha çox sənəd verilirsə, ixtisasların təsnifatı ona uyğun müəyyən edilir ki, bu da doğru yanaşma deyil:

“Bu ixtisaslar hansı meyarlara əsasən müəyyən olunur? Bu təsnifat bizdə yoxdur. Beynəlxalq praktikada qayda budur ki, peşə təhsili, orta ixtisas, ali təhsil müəssisələri kadr hazırlığını əmək bazarına uyğun olaraq qurmalıdırlar. Bu bazarın tələbləri isə öyrənilməli, araşdırılmalıdır. Belə araşdırmalar aparılmadığına görə Azərbaycanda bütün sahələr, o cümlədən pedoqoji sahə üzrə kadr hazırlığının hansı tələblərə uyğun olaraq hazırlandığı məlum deyil.

İkinci məsələ isə odur ki, ölkədə ayrı-ayrı peşələr üzrə peşə standartları hazırlanmalıdır. Demək olar ki, heç bir sahə üzrə peşə standartı yoxdur. O cümlədən də pedoqoji sahədə. Bu gün Tibb Universitetinə düşə bilməyənlər kimya-biologiya müəllimi, hüquqa düşə bilməyənlər tarix müəllimi, tərcüməçiliyə daxil ola bilməyənlər xarici dil müəllimliyinə düşürlər. Halbuki ölkədə ali təhsil müəssisələrinə qəbul sistemi elə olmalıdır ki, kim hansı sahəni arzu edirsə, o sahə üzrə oxumalı və bitirdikdən sonra da cəmiyyətə, dövlətə faydalı olmağa çalışmalıdır. Bu gün bizdə bu, yoxdur.

Biz təklif edirik ki, DİM-in qrup imtahanları ixtisas imtahanları ilə əvəz olunsun. Yəni kim kimya müəllimi olmaq istəyirsə, ölkənin neçə ali məktəbində kimya müəllimliyi varsa, ora sənəd versin. Kim dil üzrə mütəxəssis olmaq istəyirsə, o ixtisasın olduğu ali məktəbə üz tutsun. Abituriyentlərə sadəcə, ali təhsil almaq xatirinə deyil, hansı peşə üzrə istəyirsə, o peşə üzrə mütəxəssis olmaq şərti qoyulmalıdır".

Ekspert deyib ki, 2022-2026-cı illər üzrə ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasında şərt qoyulub ki, həmin müddətdə ali məktəblərə qəbul sayı 75 minə çatdırılsın:

“Tələbə sayının 45 mindən 75 minə çatdırılması ölkədə yeni ali təhsil müəssisələrinin və yaxud da hazırda mövcud olan ali təhsil müəssisələrinin yeni korpuslarının tikintisini tələb edir. Bunu edə bilirikmi? Xeyr. Biz keyfiyyət yox, kəmiyyət artımına gedirik.

Məsələnin başqa problemli tərəfi də odur ki, bizdə ali təhsilin məzmununda heç bir dəyişiklik olmayıb. Bu gün ali təhsil müəssisələrində əsas vəzifə olan kadr hazırlığı qalıb bir kənarda, beynəlxalq reytinq sistemi üçün çalışırlar, biznes layihələr, məqalələr yazmaqla yarışırlar. Bu gün ayrı-ayrı peşələr üzrə standart olmadığı üçün ali təhsil müəssisələrinin bitirən şəxslərin hansı peşə standartına yiyələndiyi, hansı kriteriyalara, meyarlara cavab verdiyi bəlli deyil.

Bütün dünyada, o cümlədən bizim ölkədə təhsil müəssisələrin keyfiyyyət göstəriciləri onların hazırladığı kadrların yerli və beynəlxalq bazarda iş tapma bacarığı ilə ölçülür. Arzu olunan odur ki, bütün ali təhsil müəssisələrinin keyfiyyət göstəricisi hazırladığı kadrla müəyyənləşsin. Bunlar təməl qaydadır. Bu olmayandan sonra istəyir o ixtisas lap 700 bal olsun”.

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
0
2
bizim.media

3Mənbələr