İsrailin hərbi-siyasi kabineti Qəzza zolağında bütün Fələstin anklavının ələ keçirilməsini nəzərdə tutan hərbi əməliyyatların genişləndirilməsi planını təsdiqləyib.
Bu barədə AFP agentliyi rəsmi nümayəndəyə istinadən məlumat yayıb. Plan, digər məsələlərlə yanaşı, fələstinlilərin köçürülməsini və HƏMAS-a qarşı kütləvi zərbələrin endirilməsini nəzərdə tutur. “Hərbi-siyasi kabinet Qəzzada HƏMAS-ın tam ləğvi və israilli girovların əsirlikdən geri qaytarılması üçün Baş Qərargah rəisi tərəfindən təqdim edilən əməliyyat planını yekdilliklə təsdiqləyib”, – Baş Nazirin Aparatının müşaviri Dmitri Gendelman Telegram kanalında bildirib.
Nəşrin məlumatına görə, plana aşağıdakı məqamlar daxildir: Qəzzada ərazilərin ələ keçirilməsi və saxlanılması; təhlükəsizlik məqsədilə mülki əhalinin cənuba köçürülməsi; HƏMAS-ın humanitar yardıma çıxışının məhdudlaşdırılması; Fələstin radikallarının infrastrukturuna və komanda məntəqələrinə kütləvi zərbələr endirilməsi.
İsrailin baş naziri Benyamin Netanyahu planı “real” və “effektiv” adlandırıb. Baş nazirin sözlərinə görə, “bu, bizə iki əsas məqsədə nail olmağa imkan verir: “HƏMAS-ı məğlub etmək və girovlarımızı qaytarmaq”.
Xatırladaq ki, aprelin 29-da İsrail rəsmiləri bildiriblər ki, İsrailin baş naziri Benyamin Netanyahu oktyabr ayına qədər Qəzza zolağında münaqişəyə son qoymağı planlaşdırır. Eyni zamanda, İDF hərbi əməliyyatların gedişatını intensivləşdirmək niyyətindədir. İki aylıq atəşkəs razılaşmasının sona çatmasından dərhal sonra İsrail martın 18-də Fələstinə zərbələri bərpa edib. Aprelin ortalarında BMT bəyan edib ki, hərbi əməliyyatlar bərpa olunduqdan sonra Fələstinə heç bir humanitar yardım çatdırılmayıb. HƏMAS hələ də 58 nəfəri həbsdə saxlayır.
//Samir Qurbanov, Editor.az