AZ

"Si Tszinpin Rusiyaya gəlir: Çin-Rusiya strateji tərəfdaşlığı yeni mərhələyə keçir" - "Tencent"

"Çin və Rusiya özlərini beynəlxalq sistemin sabitliyini qoruyan aparıcı güclər kimi təqdim edir..."
 
Çin Xalq Respublikasının sədri Si Tszinpin 7-10 may tarixlərində Rusiya Federasiyasına rəsmi səfər edəcək. Bu səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutur və Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə təşkil olunan tədbirlərlə üst-üstə düşür.
 
Moderator.az xəbər verir ki, bu barədə Çinin "Tencent" nəşri yazıb.
 
Nəşr yazır ki, səfər zamanı tərəflər strateji əməkdaşlığın dərinləşdirilməsi, yeni iqtisadi və siyasi sazişlərin imzalanması məsələlərini müzakirə edəcək.  Avqust-sentyabr aylarında isə Putin Çin Xalq Respublikasına cavab səfəri edəcək. Bu qarşılıqlı səfərlər iki ölkə arasında diplomatik "əlaqə estafeti" rolunu oynayır.
 
2025-ci il həm də BMT-nin yaranmasının 80 illiyidir. Bu iki tarixi hadisə fonunda Çin və Rusiya özlərini beynəlxalq sistemin sabitliyini qoruyan aparıcı güclər kimi təqdim edir.
 
Tarixi baxımdan bu iki ölkə İkinci Dünya müharibəsində faşizmə qarşı birgə mübarizə aparıb və böyük itkilər verib. Çin 14 illik müqavimətlə yapon işğalçılarını zəiflədib, Rusiya isə nasist Almaniyasına qarşı mübarizədə milyonlarla insanını itirib. Bu keçmiş onların indiki strateji yaxınlaşmasına dərin mənəvi əsas verir.
 
Bugünkü qlobal şəraitdə Çin və Rusiya ABŞ-ın birtərəfli siyasətinə qarşı çıxaraq çoxqütblü və ədalətli beynəlxalq sistemin tərəfdarı olduqlarını bəyan edir. Onlar BMT, ŞƏT, BRİKS kimi platformalarda sıx əməkdaşlıq edir, Qlobal Cənub ölkələri ilə münasibətləri dərinləşdirir, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, terrorla mübarizə kimi sahələrdə birgə təşəbbüslər göstərir.
 
İqtisadi baxımdan Çin artıq 15 ildir Rusiyanın ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə ticarət dövriyyəsi 224 milyard dollara çatıb. Əməkdaşlıq enerji, sənaye, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və biotexnologiya sahələrini əhatə edir. Transsərhəd nəqliyyat sistemləri inkişaf edir, vizasız turizm razılaşması çərçivəsində xalqlar arasında mədəni mübadilə genişlənir.
 
Si Tszinpinin səfəri və onun ardınca Putinin Çinə planlaşdırılan səfəri Çin-Rusiya strateji tərəfdaşlığının daha da güclənəcəyindən xəbər verir. Bu yaxınlaşma təkcə iki ölkənin deyil, eyni zamanda qlobal sabitliyin və ədalətli nizamın formalaşmasında da mühüm rol oynaya bilər.
Seçilən
0
moderator.az

1Mənbələr