Amerikanın texnologiya nəhəngi Microsoft-a məxsus Skype video və audio kommunikasiya proqramı 5 may 2025-ci il tarixindən etibarən xidmətlərini dayandırdı.
Bu, bir rəqəmsal eranın sonu deməkdir, məncə.
Skype 2003-cü ildə estoniyalı iki mühəndis tərəfindən İsveç şirkətində yaradılmışdı. 2010-cu ildə 300 milyondan çox aktiv istifadəçiyə çatan bu tətbiq, 2011-ci ildə Microsoft tərəfindən 8,5 milyard dollara satın alındı. Lakin zamanla Skype rəqəmsal dünyada yerini yeni və daha çevik platformalara verməyə başladı. İnformasiya texnologiyalarının sürətlə inkişafı və istifadəçi gözləntilərinin dəyişməsi bu populyar tətbiqin sonunu gətirən əsas amillər oldu.
Zoom, Google Meet və Microsoft Teams kimi platformaların – xüsusən də pandemiya dövründə – yüksəlişi Skype-ın mövqeyini daha da zəiflətdi. Maraqlıdır ki, Microsoft öz məhsulu olan Teams-i işə salmaqla sahibi olduğu Skype-ın təbii sonunu daha da sürətləndirdi. Beləliklə, adı çəkilən platformalar Skype-ın kölgəsindən çıxaraq önə keçdilər.
Skype mənim üçün də xüsusi yer tuturdu. Ortaya çıxdığı gündən son dövrlərə qədər bu kommunikasiya möcüzəsindən aktiv istifadə etmiş, onun sayəsində dünyanın müxtəlif televiziya kanallarına müsahibələr vermiş, dostluq, iş və əməkdaşlıq körpüləri qurmuşdum.
44 günlük Vətən müharibəsi zamanı İstanbulda yaşadığım üçün türk kanalları mənim üçün əlçatan idi. Türkiyə xaricindəki kanallarla əlaqə qurmaqda isə dadıma Skype çatırdı. Bu səbəbdən, zamanla ayaqlaşa bilməyib köhnələn bu gözəl platforma ilə vidalaşmaq mənim üçün xeyli hüzünlüdür.
Skype bir dünya idi və onun sonu rəqəmsal kommunikasiya tarixində silinməz iz qoydu.
Vəfalı bir istifadəçi kimi onu hər zaman sevgi və hörmətlə xatırlayacağam.
İbrahim Nəbioğlu