Həbsdə yaşı 65-dən yuxarı çoxlu sayda məhbus var. Məlumatlara görə, “Konstitusiya və Suverenlik ili” münasibətilə əfv olacaq. Bu il may ayında gözlənilən əfv və ya amnistiya aktında bu amilin nəzərə alınması nə qədər humanist və sosial yanaşma təzahürü ola bilər?
Ömürlərinin az hissəsi qalmış, cəzasının xeyli hissəsini qüsursuz çəkmiş, xəstə olan bu insanların əfvi həm də Allaha xoş getməzdimi?
Şəmsəddin Əliyev: “Yaşı 65-dən yuxarı olan məhkumların Prezidentə müraciəti varsa ölkə başçısı onları əfv edə bilər, müraciətləri yoxdursa Milli Məclis tərəfindən amnistiya oluna bilərlər”
Tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, onda olan məlumata görə, “Konstitusiya və Suverenlik İli” ilə bağlı Prezidentin əfv fərmanı imzalayacağı gözlənilir. “Artıq yüzlərlə məhbusun işləri komissiyada müzakirə olunub, kimlərin əfv olunacağı barədə müəyyən mənada layihələr hazırlanır. Əfvdə vətəndaşın şəxsi müraciəti lazımdır. Onun ailə üzvlərinin, valideynlərinin, işləmiş olduğu kollektivin, cəza çəkdiyi müəssisənin rəhbərliyinin müraciəti əsasdır. Onun nümunəvi davranışı nəzərə alınır, cəzanın müəyyən mənada çox hissəsini çəkibsə, ömürlük cəza alıbsa və onun 25 ilini çəkibsə onu başqa cəza ilə əvəz etmək olar, məhkumluğu götürülə, cəzadan həm qismən, həm də tam azad oluna bilər. Bu, ölkə Prezidentinin səlayiyyətlərinə aid olan məsələdir. Amnistiya isə Milli Məclis tərəfindən elan oluna bilər. Burda fərdlərin adları, soyadları, maddəsi rol oynamır, sadəcə, müəyyən mənada istintaqda, məhkəmədə olan cinayət işləri ilə bağlı bağışlamaq mümkündür. Amnistiya sözünün mənası dövlətin öz vətəndaşının ondan əvvəl törətdiyi ictimai təhlükəli əməlini, cinayətini unutması deməkdir. Dövlət vətəndaşın cinayətlərini unuda bilər, Cinayət Məcəlləsinin müəyyən maddələri üzrə amnistiya olacaq. O maddələrdə artıq yaş həddi o qədər rol oynamayacaq”.
Ş.Əliyev hesab edir ki, 65 yaşı tamam olmuş məhbusların cinayəti də əfv oluna, unudula bilər: “Əgər yaşı 65-dən yuxarı olan məhkumların Prezidentə müraciəti varsa ölkə başçısı onları əfv edə bilər, yaxud yoxdursa Milli Məclis tərəfindən amnistiya oluna bilərlər. Hesab edirəm ki, belə məhkumlar tərəfindən Prezidentə müraciət edilərsə onların yaşı, davranışı və sair nəzərə alınar və onlar azadlıqlarına qovuşarlar.
Tamamilə razıyam ki, həm aministiya, həm də əfv fərmanı çox əlamatdar günlərdə tətbiq və elan olunur. “Konstitusiya və Suverenlik İli” Azərbaycan xalqı üçün əlamətdar gündür”.
O hesab edir ki, bu qəbildən olan şəxslərin ittiham edildiyi maddə də aminsitiyaya, əfvə düşə bilər, bunun üçün isə müraciət lazımdır: “Burda əsas rolu o şəxslərin həbsxanada nümunəvi davranışı oynayır. Bunlar nəzərə alınır”.
Əliməmməd Nuriyev: “Şəxsin əfv olunması üçün hər şeydən əvvəl onun Prezidentə müraciət etməsi lazımdır”
Əfv Məsələləri Komissiyasının (ƏMK) üzvü Əliməmməd Nuriyev bizimlə söhbətində bildirdi ki, bunun üçün əvvəlcə ölkə başçısına müraciət edilməlidir: “Yadıma gəlir, 2021-ci ildə pandemiya ilə bağlı cənab Prezident tərəfindən növbəti bir humanist addım atıldı və yaşı 65-dən yuxarı olan şəxslər vaxtından əvvəl cəzalarından azad edildilər. Şəxsin əfv olunması üçün hər şeydən əvvəl onun Prezidentə müraciət etməsi lazımdır. Onun özü, yaxud nümayəndəsi, vəkili cənab Prezidentin adına əfv olunması ilə bağlı müraciət etməlidir. Eyni zamanda bir çox subeyektlər var ki, ayrı-ayrı məhkumların əfv olunması ilə əlaqədar vəsatət qaldıra bilər. Bu subyektlər kimlərdir? Bu subyektlər millət vəkilləridir, ombudsmandır, yerli QHT-lərdir və həbsxana adminisitrasiyasıdır. Onlar ayrı-ayrı şəxslərin, məhkumların əfv olynası ilə bağlı vəsatət qaldıra bilərlər. İlk nöbvədə əfv üçün müraciət olunmalıdır. İkinci tərəfdən, hər şeydən əvvəl fərdlərin müraciətlərinə baxarkən əfv etmə haqqında əsasnaməyə uyğun olaraq mövcud meyarlara uyğun dəyərləndirilmələr aparılır və şəxsin əvf olunub-olunmaması ilə bağlı səsvermə keçirilir, rəyin hazırlanması barədə qərar qəbul edilir, sonra cənab Prezidentə təqdim olunur. Bilirsiz ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, əfv etmək cənab Prezidentin müstəsna səlahiyyətidir və kimin əfv edilib-edilməməsi ilə bağlı ölkə başçısı qərar verir. Digər tərəfdən, ayrı-ayrı müraciət edən şəxslərin ərizələrinə baxılarkən burda bir çox məsələlər diqqət mərkəzində olur. Həm şəxsin etdiyi cinayətin ictimai təhlükəsizlik dərəcəsi, həm yaşı, həm sağlamlığı, dəymiş ziyan, zərərçəkmişin mövqeyi, həmin şəxsin əvvəllər cinayət edib-etməməsi məsələsi, cəza çəkdiyi müddətdə davranışı, ailə vəziyyəti, cəmiyyət və dövlət qarşısındakı əvvəlki xidmətləri, cəzanın müddəti, bütün bunlar nəzərə alınan faktorlar sırasına aiddir. Yoxsa konkret olaraq şəxsin yaşının 65-dən yuxarı olması amilini götürüb şəxsin əfv olunması ilə bağlı müsbət, yaxud mənfi fikir söyləmək, mənə elə gəlir ki, bu bir az subyektiv yanaşma olardı. Eyni zamanda əfvin mahiyyətinə və məzmununa uyğun olmazdı. Kompleks şəkildə bütün meyarlar dəyərləndirilir, cəmiyyətin, dövlətin, zərərçəkmişin, eyni zamanda məhkumun mövqeləri, maraqları arasında ortaq balans tapılaraq rəyin hazırlanması barədə qərar qəbul edilir. Ona görə də yalnız bir meyara görə şəxsin mütləq əfv olunması əfvin məzmununu, mahiyyətini itirər. Bu məsələdə bir az fərqli düşünürəm. Amma bütün hallarda, əlbəttə ki, komissiyaya daxil olan müraciətlərlə bağlı səsvermə yolu ilə qərarlar qəbul olunur və ölkə başçısına təqdim olunur. Prezident kimin əfv olunub-olunmaması ilə bağlı qərar qəbul edir. Hər hansı bir bir formada son qərarın qəbul edilməsi prosesi Əfv Komissiyasının mandatına aid deyil. Əfv Komissiyası Prezidentin əfv hüququnu həyata keçirməsi üçün təşkilati, texniki dəstəyi təşkil edir”.
Çingiz Qənizadə: “Ümid edirəm ki, yaxın vaxtlarda əfv sərəncamı verilərkən biz sizin qeyd etdiyiniz yaşda insanların orada nəzərə alınacağının şahidi olacağıq”
Demokratiya və İnsan Hüquqları Komitəsinin (DİHK) sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə hesab edir ki, əfv aktı humanist bir aktdır və ölkə başçısının müstəsna səlahiyyətinə aid olan bir məsələdir: “Cənab Prezident onsuz da, sizin qeyd etdiyiniz kimi, yaşı 60-65-dən yuxarı olan cəzasının böyük hissəsini çəkmiş, ailə vəziyyətini və səhhətini nəzərə almaqla 300, 400, 500, 600 insanı əfv edir. Aministiya aktı isə qanundur və bu Milli Məclis tərəfidən qəbul olunandan sonra kimlərə şamil olunması məsələsi artıq öz həllini tapır. Elə hesab edirəm ki, amma aministiya aktının layihəsini hazırlayarkən yenə də yaşı 65-dən yuxarı olanlar, xəstələr, ailə vəziyyətində müəyyən problemləri, çətinlikləri olan şəxslər həmişə nəzərə alınıb. Cəzalarının müəyyən hissəsini çəkmiş insanlar nəzərə alınıb və nəzərə alınmaqda da davam edir. Hələlik əfv sərəncamının verilməsi lə bağlı söhbətlər gedir. Ümid edirəm ki, yaxın vaxtlarda əfv sərəncamı verilərkən biz sizin qeyd etdiyiniz yaşda insanların orada nəzərə alınacağının şahidi olacağıq. Amma onu da qeyd etmək istəyirəm ki, ölkədə böyük aministiya aktının verilməsinə ehtiyac var. Çünki cəzaçəkmə müəssisələrində həddindən artıq sıxlıq var. Bu baxımdan, aministiya aktı əgər minlərlə insana şamil olunursa biz əfv sərəncamı ilə bu sıxlığı aradan qaldırmaqda çətinlik çəkəcəyik. Aministiya aktının verilməsi labüd və qaçılmaz bir vəziyyətə çatıb. İnanıram ki, aministiya aktının layihəsi hazırlanarkən və Milli Məclisdə müzakirə olunarkən bu dediyiniz kriteriyalar hamısı nəzərə alınacaq”.
İradə SARIYEVA