AZ

“O-o-o... O, dəhşətdir!”

“Səbail”lə oyunda “Şamaxı”nın ən yaxşısı Leroy Mikels olmasa da, qol ötürməsi həqiqətən möhtəşəm idi.

Zədədən qayıdandan sonra əvvəlki formasından uzaq düşən kapitan hər bir halda komandasına kömək etmək üçün əlindən gələni edirdi.

Matç başa çatandan sonra ənənəsinə sadiq qalaraq gülümsəyən Leroy Sportinfo.az-ın suallarını həvəslə cavablandırdı.

-Cari mövsümdə “Səbail”i məğlub edə bilməməyin səbəbini nə ilə izah edə bilərsən?

-“Səbail”in sonuncu pillədə yer alması heç kimi aldatmasın. Həqiqətən çox güclü, sona qədər mübarizə aparan rəqibdir. Ən əsası normal futbol oynayırlar. Gördüyünüz kimi, matçın sonılarına yaxın qələbə topunu vura bilərdilər. Əsas odur ki, məğlubiyyətsiz davam edirik. Dörd oyunluq seriyanın davamını gətirmək istəyirik.

- Matçın qəhrəmanı kim idi?

- Hamı.

- Bəlkə Rikardo Fernandes?

- O-o-o, Rikardo dəhşətdir (gülür). Bəlkə də seyvləri kənardan yaxşı görünür. Ancaq biz buna alışmışıq. Bəzən rəqib təhlükəli hücum quranda deyirik ki, Rikardo ordadırsa, qorxu yoxdur. Çox güclü qapıçıdır.

- Növbəti rəqibiniz qardaşının çıxış etdiyi “Sabah”dır. Həmin rəqib ki, cari mövsümdə “Şamaxı”nı uda bilməyib. Bu dəfə tilsimi qıra bilərlər?

- Onların plan nədir, bilmirəm. Lakin biz bu oyuna qələbə qazanmaq üçün çıxacağıq. Hər matçda necədirsə, bu dəfə də elə.

Rəqibin Azərbaycan kubokunun finalına vəsiqə qazanması işinizi asanlaşdıra bilər?

- Əlbəttə. “Sabah” üçün Premyer Liqa mövsümü demək olar başa çatıb. Bu dəqiqə futbolçuların hamısı final barədə düşünür. Bəlkə də bu, bizim üçün üstünlük sayıla bilər.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr