Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, "Salty Park" yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı fiziki şəxs Könül Sabir qızı Nəzərovanın istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, "təbii süd məhsulu" adı altında, müşayiətedici sənədləri olmadan "TikTok" və "Instagram" sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb.
Eyni zamanda süd, məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.
"Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur.
Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazid hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla agentliyin "1003" çağrı mərkəzinə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək", - deyə agentliyin məlumatında bildirilib.