Çinin Uhan şəhərində gənc müəllim həddindən artıq iş yükü və 400 şagirdə eyni anda dərs keçmək məcburiyyəti səbəbindən iş kabinetində vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə South China Morning Post nəşri məlumat yayıb.
Təxminən 30 yaşlarında olan, Li soyadlı müəllim son 5 ildə Uhan şəhərindəki özəl təhsil müəssisəsində çalışıb. Həmin şirkət ibtidai və orta məktəb şagirdləri üçün ingilis dili və riyaziyyat dərsləri təklif edirdi.
Nəşrin məlumatına görə, müəllimin nişanlısı onunla əlaqə qura bilmədikdən sonra narahat olaraq onu axtarmağa başlayıb. Səhər saatlarında Li öz kabinetində huşsuz vəziyyətdə tapılıb və dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun qəfil ürək dayanmasından vəfat etdiyini bildiriblər.
Hazırda rəsmi qurumlar ölümün iş şəraiti ilə bağlı olduğunu sübut etmək üçün sənədləşdirmə prosesi aparır.
Hadisə Çində müəllimlərin üzərinə düşən ağır iş yükü və təhsil sistemindəki struktur problemlərlə bağlı yenidən ciddi müzakirələrə səbəb olub.
Natiq Səlim,
KONKRET.az