Xəyal Bəşirov: “Bu şəkildə Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq, onun məhkəməsinə, məhkəməsinin qərarlarına hörmətsiz yanaşmaq yolverilməzdir”
Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O'Flaherti Azərbaycan hakimiyyətini Anar Məmmədlini və “fəaliyyətlərinə görə həbsdə olan bütün digər hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azad etməyə, onlara qarşı cinayət ittihamlarını və bununla bağlı bütün məhdudiyyətləri, o cümlədən xaricə çıxış qadağasını ləğv etməyə” çağırıb.
O bildirib ki, bir il əvvəl saxlanılan Məmmədli xarici valyuta qaçaqmalçılığı, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti və sənəd saxtakarlığı ittihamı ilə həbs olunub, guya onun həbsi “qanunsuzdur”.
Avropa Şurası komissarı Anar Məmmədlinin dərhal azad edilməsini tələb edib. Bu hüquqi cəhətdən nə qədər doğru, məqbul və mümkündür?
Ekspertlərin fikrincə, Avropa Şurası komissirının bu tələbi haqsızdır və Azərbaycan məhkəməsinə, hüquq sisteminə kölgə salmaq, qara yaxmaq məqsədi daşıyır.
“...Uğursuz cəhdlərdir”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə bildirdi ki, Avropadan olan bəzi dövlətlər və beynəlxalq təşkilatlar həmişə belə qərəzli yanaşmaları ortaya qoyurlar: ”Dövlətlərin daxili işlərinə müdaxilə etməyə, qarışmağa çox rahat şəkildə cəhd göstərirlər. Bizim həmişə münasibətləri formalaşdırmaqda bərabər hüquqlu əməkdaşlığa üstünlük verməyimizi aktuallaşdırır. Bərabərhüquqlu əməkdaşlıq dövlətlərarası, ümumiyyətlə beynəlxalq hüququn digər subyektləri, təşkilat və təsisatları ilə münasibətlərdə önəm kəsb edir. Ona görə biz bunu həmişə üstün tuturuq. Bu bizim daxili işlərimizə qarışmaqdır. Onlar eyni zamanda elə özlərinin bütün dünyada təşviq etdiklərini iddia etdikləri ədalət mühakiməsi prinsiplərinə, qanunlara, hüquqa hörmət prinsiplərinə əməl etməməkdə aktivlik nümayiş etdiriblər. Onların maraqlarına uyğun gələndə bu prinsiplərə əməl edirlər, uyğun gəlməyəndə isə dövlətlərin daxili işlərinə qarışmağı, onların məhkəmələrinin qərarlarına hörmətsizlik etməyi ortaya qoyurlar.
Bizim qanunvericiliyimizə görə, şəxs əgər hansısa bir cinayət törədibsə və yaxud şübhəli və təqsirləndirilən şəxs qismində cinayət törətməkdə ittiham olunursa onunla bağlı qərarı Azərbaycan məhkəmələri verir. Azərbaycanda üç pilləli məhkəmə sistemi mövcuddur. Birinci instansiya apelyasiya və kassasiya instansiyası, Ali Məhkəmə var. Azərbaycanda Konstitutsiya başda olmaqla qanunların tələblərinə uyğun şəkildə bütün məsələlər öz həllini tapmalıdır. Bizim konstitutsiyaya görə, o cümlədən də şəxsin cinayət törədib-törətməməsi barədə qərar vermək Azərbaycan Respublikası adından qərar qəbul edən Azərbaycan məhkəmələrinin işidir. Ona görə də hesab edirəm ki, bütün dövlətlərin, o cümlədən də beynəlxalq təsisatların Azərbaycanın qanunlarına, daxili hüququna, ədalət mühakiməsi prosesinə hörmətlə yanaşmaq kimi öhdəlikləri, vəzifələri var.
Bu baxımdan, Avropa Şurası, Avropa Komissiyası da Azərbaycan məhkəmələrinin yekun qərarlarını gözləməlidir. Əgər o şəxslər cinayət törətməyiblərsə, onların cinayətləri sübuta yetirilməyəcəksə o halda onlar Azərbaycan qanunvericiliyinə uyğun şəkildə məhkəmələrimiz tərəfindən azadlıqdan məhrumetmə prosesindən azad olunacaqlar. Siyasi mövqeyindən və başqa məsələlərdən asılı olmayaraq hər bir şəxs qanun qarşısında bərabərdir. Əks təqdirdə onların cəzadan azad olunması məsələsi Azərbaycanda amnistiya və əfvetmə aktları əsasında həyata keçirilə bilər və Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan digər hallarda vaxtından əvvəl cəzalarından azad oluna bilərlər.
Ona görə də hesab edirəm ki, bu şəkildə Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq, onun məhkəməsinə, məhkəməsinin qərarlarına hörmətsiz yanaşmaq yolverilməzdir. Bu Avropa Şurasına, o cümlədən də digər beynəlxaq təsisatlara başucalığı gətirməyəcək. Bu cür yanaşma beynəlxalq hüququn prinsiplərinə ziddir. Düşünürəm ki, Avropa Şurası da öz fəaliyyətində bu məsələlərə diqqət etməlidir. Azərbaycanın daxili işlərinə qarışmaq yolu ilə hansısa vaxtda atddığı addımlarla bağlı ölkəmizə təsir göstərmək uğursuz cəhdlərdir. Həmişə bu cəhdlər uğursuz olub, bundan sonra da uğursuz olacaq”.
X.Bəşirovun sözlərinə görə, həmin o şəxslərlə bağlı ədalət mühakiməsi prosesində hansısa nöqsanlara yol verilibsə belə, onun da həlli yolu Azərbaycanın daxili məhkəmə prosedurlarından keçməlidir. X.Bəşirov hesab edir ki, bu məsələ Azərbaycan məhkəməsində həll olunmalı işdir və buna hansısa bir beynəlxalq qurumun təmsilçisinin qarışması absurddur.
İradə SARIYEVA