Azərbaycanın Zəngəzur gedişi Ermənistanı isterikaya saldı
Rusiya prezidenti Vladimir Putinin Böyük Vətən müharibəsindəki Qələbənin 80-ci ildönümü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubu, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin ölkəmizə səfəri Ermənistanda yeni isterikaya səbəb olub.
Bunlar fonunda Ermənistanın “armeninareport”portalı yazır: “Rusiya prezidenti Vladimir Putin Qələbənin 80 illiyi münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Burada deyilir: “O çətin illərdə formalaşmış şanlı dostluq və qarşılıqlı yardım ənənələri bundan sonra da Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı əsas kimi xidmət edəcəkdir”.
O vurğulayıb ki, hər iki ölkənin vətəndaşları bu yubileyi qeyd etməklə, döyüş meydanlarında və arxa cəbhədə nə gücünü, nə də canlarını əsirgəmədən faşist işğalçıları üzərində qələbəni daha da yaxınlaşdıranların xatirəsini ehtiramla yad edirlər. Gördüyümüz kimi, Rusiya prezidenti Əliyevlə münasibətləri yaxşılaşdırmaq üçün hər şeyi edir. Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Bakıya gəlməsi heç də təsadüfi deyil. Rus Pravoslav Kilsəsinin rəhbərini səfərdə onun şəxsi katibi, Ramenskoye yepiskopu Aleksi müşayiət edir. Səfər zamanı Kiril həzrətləri Azərbaycan Prezidenti ilə görüşüb. Nəzərə alsaq ki, bu səfər əvvəllər elan olunmamış və çox qəfil olub, ehtimal etmək olar ki, Patriarx Kiril Vladimir Putinin şəxsi mesajını İlham Əliyevə çatdırıb. Xatırladaq ki, mart ayında Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko Bakıda olmuşdu. Səfərdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya, Belarus və Tacikistan prezidentlərinin Moskvada birgə apardıqları telefon danışığı olub. O zaman rusiyalı ekspertlərin qeyd etdiyi kimi, Moskvadan Bakıya doğru yüksək səviyyəli təmaslar və barışdırıcı jestlər ötən ilin dekabrında Rusiya hava məkanında vurulmuş AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində ikitərəfli münasibətlərdə yaranmış ən kəskin böhrana son qoymaq məqsədi daşıyırdı. Görünür, Matviyenko o zaman öz missiyasını yerinə yetirə bilməyib və ona görə də patriarx Kirili də işə cəlb etmək qərarına gəliblər. Eyni zamanda, gördüyümüz kimi, Putinin özü də Əliyevə təbrik məktubları yazır. Bəs Azərbaycanın reaksiyası necə oldu? Bunu Milli Məclisin Xarici müdaxilə və hibrid təhdidlərə qarşı mübarizə komissiyasının sədri Ramid Namazov nümayiş etdirib. O, Azərbaycanın bir sıra media resurslarına 2025-ci il fevralın 20-də baş vermiş kiberhücumun Rusiyadan təşkil olunduğunu bildirib. Onun sözlərinə görə, hücum yüksək texniki səviyyədə Rusiya strukturlarına bağlı olan APT29 (Cozy Bear, Midnight Blizzard və The Dukes kimi də tanınır) kibercasus qrupu tərəfindən həyata keçirilib. Qrup yüksək dəyərli kiber əməliyyatlarda, o cümlədən dövlət qurumlarına, diplomatik nümayəndəliklərə, enerji sektoruna, müdafiə və mediaya qarşı ixtisaslaşmışdır. Deməli, çox güman ki, Bakı Moskva ilə sövdələşmədə sadəcə olaraq payı artırır. Bəs sövdələşmənin mövzusu nədir? Orada demək olar ki, tək bir şey yoxdur. Amma çox güman ki, Bakının Kremlə olan tələblərinə Zəngəzur dəhlizi məsələsində yardım da daxildir.
Azərbaycanın qəzaya uğrayan təyyarəsini unudaraq, Bakının aparıcı saytlarına kiberhücum məsələsini bağlaması və “Rus Evi”nin işini bərpa etməsi müqabilində bu olacaq. Və təbii ki, Azərbaycan prezidentinin Moskvada Qələbə Paradında iştirakına görə də bu olacaq. Bu, Putin üçün çox vacib məqamdır. Putin həmin böyük Qələbənin varisi, “yeni Stalin” kimi tanınmaq istəyir. Volqoqradın adının Stalinqrad olaraq dəyişdirilməsi barədə Putin fikirlər səsləndirir. Beləliklə, biz çox çətin günlərlə üzləşə bilərik. Və bütün bunların günahkarı kimdir? Kim nə deyirsə desin, Ermənistanın belə çətin, asılı vəziyyətə düşməsinin günahı Nikol Paşinyan və komandasının üzərinə düşür. 2020-ci ildə müharibənin qarşısını ala bilmədilər, o cümlədən Rusiya ilə münasibətləri korladıqlarına görə. Sonra Rusiya Federasiyası ilə münasibətləri yaxşılaşdırmaq əvəzinə, vəziyyəti daha da gərginləşdirməyə başladılar və nəticədə Azərbaycan Qarabağ üzərində nəzarəti tam bərp etdi. Və sonra Kremli heyrətə gətirən Paşinyan Praqada Qarabağın statusu məsələsini gündəmdən çıxararaq “Azərbaycanın ərazi bütövlüyünü” tanıdığını elan etdi. İndi isə yeni itkilər riski var. Yenə ona görə ki, Bakı və Moskva razılığa gələcək. Bu dəfə Zəngəzur dəhlizi boyunca. Bunun qarşısını almaq olarmı? Ölkənin indiki rəhbərliyi altında bu, inandırıcı hesab olunmur”. Ermənistanda o da nəzərə alınır ki, Azərbaycan-İran münasibətlərinin perspektivi həmişəkindən daha yaxşı görünür. Bakı ilə Tehranın münasibətlərdəki gərginliyə son qoymaq səyləri regional proseslər üçün kritik əhəmiyyət kəsb edir. Tehran Azərbaycanın güclü və strateji xarici əlaqələri fonunda regional təhlükəsizlik izolyasiyasında qalmaq istəmir. Azərbaycan böyük güclər miqyasında - Rusiya, ABŞ, Böyük Britaniya, Çin Zəngəzur dəhlizi barədə razılıq almağı bacarıb. İranın isə Yaxın Şərqdə məğlubiyyətə uğraması fonunda regionda alternativ olaraq müqavimət göstərə bilmək potensialı qalmayıb. İran da bu durumda Zəngəzur dəhlizinə razılıq verə bilər.
Tahir TAĞIYEV