AZ

Naxçıvanda uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsinə dair təlim keçirilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 5 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar”ın şərhi ilə bağlı təlim təşkil olunub.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimdə muxtar respublikada uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eltun Həziyev qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi Azərbaycanda hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasının tərəfdaşı kimi beynəlxalq öhdəliklərini yerinə yetirməklə yanaşı, milli qanunvericilikdə də bu prinsipləri əks etdirən hüquqi aktlar tətbiq edir.

Bildirilib ki, uşaqların hüquqlarının qorunması təkcə ailələrin deyil, eyni zamanda, dövlətin və cəmiyyətin ümumi məsuliyyətidir. Bu baxımdan monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, sübutlara əsaslanan yanaşmanın tətbiqi və qurumlararası əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Xüsusilə Nazirlər Kabinetinin 2025-ci il 1 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar” sənədi bu istiqamətdə atılmış vacib addımlardandır. Təlimin əsas məqsədi isə həmin meyarların tətbiqində vahid yanaşma formalaşdırmaq və əlaqəli qurumlar arasında təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Komitənin Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik məlumatların hazırlanması zamanı qarşılaşılan çətinliklər və mövcud praktiki boşluqlar barədə danışıb. Şöbənin məsləhətçisi Elsun Cahangirli təqdimatla çıxış edərək yeni monitorinq meyarlarının mahiyyəti, tətbiq sahələri və praktiki üstünlükləri barədə iştirakçılara ətraflı məlumat verib. Təqdimatda risk faktorlarının erkən aşkar edilməsi, preventiv tədbirlərin görülməsi və məlumatların sistemli şəkildə toplanmasının əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

Tədbir iştirakçıları arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçılara metodiki tövsiyələr verilib və mövzuya dair suallar cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
icma.az

1Mənbələr