AZ

Rusiya dövlətlərarası münasibətləri pozmağa çalışanları görməzdən gəlməməlidir



Milli Məclisin üzvü Azər Badamovun Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfər əsnasında Moskvada hava limanında saxlanılıb geri qaytarılması, eləcə də Rusiyanın rəsmi strukturlarına bağlı qruplar tərəfindən Azərbaycana qarşı davamlı kiberhücumların baş verməsi heç bir qonşuluq və strateji müttəfiqlik çərçivələrinə sığmır. Rusiyanın bu cür destruktiv qonşuluq və müttəfiqlik anlayışı həm təəccüb, həm də dərin təəssüf hissi doğurur.
Bildiyimiz kimi Rusiya Azərbaycan ilə üç il əvvəl müttəfiqlik münasibətlərinə dair sənəd imzalayıb. Lakin son hadisələr onu göstərir ki, şimal qonşumuz müttəfiqlik prinsiplərinə zidd davranır, ikili standartlara üstünlük verir. Bu mənada, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulması faktına dərhal reaksiya verməsi və məsələyə münasibət bildirərək Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım kimi qiymətləndirməsi tamamilə doğru yanaşmadır.
Bəli, rəsmi Moskva həm deputatımıza qarşı baş vermiş xoşagəlməz olayla, həm də kiberhücumlarla əlaqədar turarlı, məntiqli izahat verməli, ölkəmizə qarşı qeyri-dost addımlarının motivlərinə aydınlıq gətirməlidir. Azərbaycan Rusiya ilə dostluq və strateji müttəfiqlik üzərində qurulmuş münasibətlərinə xüsusi önəm verir və Prezident İlham Əliyev bu xətti daim davam etdirmək əzmindədir. Maraqlıdır ki, elə dünən Rusiya Prezidenti Vladimir Putin də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ili ölkə arasında münasibətlərin dostluq və strateji müttəfiqlik üzərində qurulduğunu bir daha bəyan edib.
Ancaq Azərbaycana qarşı dostluq münasibətlərini zədələyən son təxribatlar Rusiya liderinin mövqeyi ilə üst-üstə düşmür. Görünən budur ki, Rusiya rəhbərliyindəki müəyyən destruktiv qüvvələr iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirmək üçün hərəkətə keçiblər. Həmin anti-Azərbaycan qüvvələr Kreml tərəfindən təsbit edilməli və təxribatları törədənlər mütləq cəzalandırılmalıdır. Rusiya tərəfi dövlətlərarası münasibətləri pozmağa çalışanları görməzdən gəlməməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
0
2
newscenter.az

3Mənbələr