ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerika kino sənayesini "ölüm ayağından xilas etmək" üçün radikal addımlar atacağını bəyan edib. Trampın sözlərinə görə, “Hollivud” da daxil olmaqla, ABŞ-ın bir çox bölgələri sürətlə boşalır və bu proses ölkənin milli təhlükəsizliyinə birbaşa təhdid yaradır.
Moderator.az xəbər verir ki, Tramp bu barədə paylaşımını ona məxsus “Truth Social” platformasında edib. Onun açıqlamasına görə, xarici ölkələr müxtəlif yollarla Amerika aktyorlarını və kino studiyalarını özlərinə cəlb edərək, ABŞ-ın kino sənayesini zəiflətməyə çalışır.
“Amerika kino sənayesi çox sürətli bir ölümlə üz-üzədir. Hollivud və digər bölgələr boşalır. Bu, xarici ölkələrin koordinasiyalı şəkildə apardığı siyasətdir və artıq milli təhlükəsizliyimiz üçün təhlükəyə çevrilib”, – deyə Tramp bildirib.
Bu səbəbdən o, ABŞ Ticarət Nazirliyi və ABŞ Ticarət Nümayəndəliyinə dərhal bütün xarici filmlərə 100 faizlik gömrük rüsumlarının tətbiqi ilə bağlı göstəriş verdiyini açıqlayıb.
Qeyd edək ki, ekspertlərin fikrincə, son illərdə ABŞ-ın dünya kino bazarındakı payında müəyyən azalma müşahidə olunsa da, ölkə hələ də bu sahədə liderliyini qoruyur. Bununla belə, Trampın əvvəlki prezidentliyi dövründə tətbiq etdiyi rüsumlar nəticəsində Çin, cavab olaraq, ABŞ filmlərinin ölkədə nümayiş kvotasını məhdudlaşdırmışdı. Çin tərəfi bildirib ki, bu addımlar ABŞ filmlərinə olan marağın azalmasına səbəb olub.