AZ

İLAHİNİN SEÇİMİ

 
Fitri   istedadla doğulanlar   birbaşa  İLAHİnin  seçdikləri   olduqları   üçün    Allahın    bu istedad sahiblərinə  açdığı  yolla bağlı  bir qaydası  pozulmazdır:   seçdiklərini    özünün  yazdığı   möhtəşəmliyə  apardığı  yolda   onları   müxtəlif  labirintlərdən - hadisələrdən   keçirir. O yollar  nahamar, ağrılı- acılı, məşəqqətli  və s. ola bilir.  Maraqlı burasıdır ki, o çətinliklərdən keçirərkən seçdiklərinə əzm də, iradə də, mətanət də  verir. Dözməyə  ürəyi, daşımağa çiyni də əsirgəmir.  Çünki sonunda  işığa, nura qovuşdurur.  Sonradan dərk olunur bu,  üstündən çox  illər  keçdikdən,  yaşandıqdan   sonra...
Yeniyetmə  vaxtı günlərin birində  dizindən  ağır  bir  zədə alarkən  hamı - özü, anası, yaxınları çox  üzülmüşdülər. O zaman həmin   ağrı  onları üzəndə  kimsənin ağlına da gəlməmişdi ki,  bu  hadisə  əslində  böyük bir möhtəşəmliyə gedən  ilk yoldu, zədə timsalında  açılıb  yeniyetmə  Səməndərin qarşısında və  bu yıxılmaq əslində  qalxmaq üçün bir səbəbdi.  Belə  olmalıymış: dizindən  aldığı  zədə səbəbindən  müalicə almalı, heç yerə çıxa bilməməli,  uzun- uzun yay  günlərini, qara- qara  qış gecələrini  ötürmək  və darıxmaq hissini dəf etmək üçün  radio onun  dadına çatmalıymış.  Radioda  qulaq asdığı  ədəbi - bədii verilişlər onun ruhuna axmalı, onu qidalandırmalı, qanadlandırmalı  və  bir az sonra isə  həyat yönünü,   istiqamətini  dəyişdirməli  imiş.
Aktyorluq  inandırıcı  şəkildə  başqalaşa bilmək   bacarığıdır.  Bu bacarıqsa hər bir aktyorda  ayrı- ayrılıqda müəyyən formada özünü büruzə vermiş olur.  Kimi  gözəl plastikası, kimi  gözəl  səs tembri, kimi  gözəl fakturası, kimi  gözəl  səhnə  nitqi bacarığı   və s. ilə  bu  sənətə gələ və  işləyə bilir. Amma  bir şəxsdə   saydığımız və saymadığımız bütün  xüsusiyyətlərin olması  nadir  hallarda  olur.  Olursa, bu artıq    çoxluqdan fərqlənmək deməkdir. Olursa, bu, artıq  aktyorluq sənətinin zirvəsi  deməkdir. Olursa, bu, artıq  İLAHİnin  seçimi deməkdir.
Səməndər Rzayevdən bəhs edirik, aktyor ömrü   cəmi  20 illə məhdudlaşan, fəqət  sonrakı əsrdaşlarına  səsi-sədası  yetən  nəhayətsiz  möhtəşəmlik  mücəssəməsindən - parlaq  istedad  sahibindən!  Onun  fakturası,  plastikası, gözəl səs tembri, səhnə nitqi bacarığı,  aktyor səmimiyyəti, bədən dili   və s.  hər biri  ayrı- ayrılıqda  bir  aktyor  idi.  Onun yaratdığı obrazlara baxanda  bir daha  əmin olursan ki, oynadığı obrazları  heç kim onun qədər  cazibədar  oynaya  bilməzdi. Elə bircə yaratdığı obrazlarda  gözləri  və  qaşları  vasitəsilə ifadə etdiyi  mənalar  kifayətdir  ki, onun aktyor  oyununa  heyran olasan. Bircə səsi kifayətdir ki, bu ecazdan  qurtulmayasan, qulaq asmaqdan  yorulmaya, doymayasan.   Obrazın  duyğularını, yaşantılarını  tamaşaçıya   olduğu kimi  çatdırmaq üçün  təkcə  plastikası   kifayət edir ki,  bu aktyor oyunu qarşısında   təzim edəsən.                   
Varlığında  qərarlaşan,  bulaq  kimi  qaynayan  istedadından danışmağa hünərim çatmaz.  Amma  bir  reallıq   ortadadır:  Azərbaycan  teatr  və  kino  səhnəsində, demək olar ki,  istedadın beləsi  görünməyib.   Düşünəndə ki,  ömrünün  cəmi  41- ci   baharında   həyatla vidalaşıb, amma  yaratdığı  obrazlardan  boylanansa  qocaman biridir, yenə heyrətdən  diksinirsən.  Bu, qrimlə  formalaşdırılmış  obraz deyildi,  içindəki  səssiz fəryadlardan formalaşmış  vücud idi, beləcə görünürdü. Həyatında yaşadığı  ədalətsizliklərdən   dolayı   bezmiş bir ürəyin  vaxtsız yaşa dolmasıydı,  qocaman bir şəkildə boylanırdı... 
Yoxluğundan  sonra  təəssüflər   heç nəyi  qaytarmasa da,  bu il  böyük  sənətkarın 80 illik yubileyidir. Verilməyən haqların az da olsa, qaytarılması üçün gözəl fürsətdir. Bu  fürsəti dəyərləndirərək  80 illik  yubileyinin  layiqli  keçirilməsinə   ümid  etmək  və inanmaq  istərdik. 
Yəqin ki...                                                                                                                                                                                                                                      
  ŞAİQƏ  HƏMZƏQIZI
                            

                                                                                                                                                                    

Seçilən
0
1
gender.az

2Mənbələr