AZ

Azərbaycan deputatları Rusiyanın addımlarında dostluq mahiyyəti görmürlər...


Ceyhun Məmmədov: “Rusiya tərəfin belə bir addım atması qəbuledilməzdir”

Məlum olduğu kimi, mayın 4-də Milli Məclisin deputatı Azər Badamov Moskva aeroportunda saxlanıldı və Moskvada hava limanında ona Həştərxan reysinə minməyə icazə verilmədi. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirildi və millət vəkili ölkəmizə deport edildi.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda A.Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğu qeyd edilib. Bildiyimiz kimi, həmkarlarına icazə verilsə də, A.Badamova icazə verilməyib.

“Təəssüflə qeyd etmək lazımdır ki, sanki Rusiyada hansısa dairələr...”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, Rusiyanın A.Badamova qarşı münasibəti qətiyyən qəbuledilməzdir: “Rusiya tərəfin belə bir addım atması qəbuledilməzdir.

Bu gün Azərbaycan hər zaman olduğu kimi Rusya ilə əlaqələrin inkişafında, güclənməsində maraqlıdır. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, sanki Rusiyada hansısa dairələr bu münasibətin korlanması, ona mənfi təsir göstərilməsi üçün ciddi səylə çalşırlar. Təbii ki, Azərbaycan parlamentinin bir təmsilçisinə qarşı bu cür münasibət, bu cür yanaşma, bu cür mövqe qəbuledilməzdir”.

C.Məmmədovunsözlərinə görə, haqlı olaraq Azərbaycan tərəfi Rusiyadan bunun üçün izahat istəyib. C.Məmmədov qeyd etdi ki, Rusiya bir tərəfdən Azərbaycanla əməkdaşlıqda, münasibətlərin inkişafında maraqlı olduğunu deyir, digər tərəfdən isə bu münasibətlərə xələl gətirə biləcək addımlar atmaqda davam edir: ”Bu birmənalı olaraq qəbuledilməz və yanlışdır, münasibətlərimizə ciddi xələl gətirəcək bir addımdır, yanaşmadır”.

C.Məmmədov qeyd etdi ki, Rusiya Dumasının bəzi deputatları daim Azərbaycana qarşı qarayaxma kampaniyası aparır və bizim deputatlar da haqlı olaraq onların cavabını verirlər: “Azərbaycan özünə hörmət edən bir dövlətdir və ölkəmiz belə məsələlərə hər zaman reaksiya verib və verəcək. Çünki dövlətimizi və dövlətçiliyimizi müdafiə edirik. Ona görə də bu məsələdə hər kəs diqqətli olmalıdır”.

İradə SARIYEVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr