Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
«Biz bütün sahələrdə bugünkü Azərbaycan reallıqlarında Heydər Əliyevin izini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır. Azərbaycançılıq məfkurəsini cəmiyyətə təqdim edən məhz Heydər Əliyev olmuşdur. Bu gün azərbaycançılıq fəlsəfəsi bizim əsas ideoloji dayaqlarımızdan olmuşdur.» Prezident İlham Əliyevin xalqımız üçün misilsiz xidmətlər göstərən, siyasi fəaliyyətini, həyatını Azərbaycanın müstəqilliyinin qazanılmasına həsr edən Ulu Öndər haqqında söylədiyi bu sözlərdə müdrik şəxsiyyətin özünütəsdiq formulu əks olunur.
Bu fikirləri aia.az-a verdiyi müsahibəsində Elm və Təhsil Nazirliyi Fizika İnstititunun baş meneceri Xanlar Xanlarov deyib.
Daha sonra X. Xanlarov sözlərinə davam edərək deyib ki, Ulu Öndər «Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”» sözləri ilə ölkənin müdafiə qüdrətinin möhkəmlənməsini ümdə vəzifə hesab edir. Ümummilli Liderin bu sahədə apardığı məqsədyönlü siyasəti bu gün daha inamla davam etdirən Prezident İlham Əliyev Ermənistanın 30 il işğal altında saxladığı torpaqlarımızı azad etməklə də Ulu Öndərin daim arzusunda olduğu Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün düşünülümüş siyasəti davam etdirir. Hələ Sovet dövründə Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradan uzaqgörən siyasətçi Heydər Əliyevin əsasını qoyduğu islahatların davam etdirilməsinin nəticəsidir ki, hazırda respublikamızın Silahlı Qüvvələrini müxtəlif təyinatlı yerli kadrlarla təmin edən ali hərbi məktəblər yaradılmış, Milli Ordumuz ən müasir hərbi avadanlıq və texnikalarla təmin edilmişdir. İkinci Qarabağ müharibəsini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatdıran, XXI əsrin müharibə tarixinə imzasını yazan Silahlı Qüvvələrimizin döyüş təcrübəsinin xarici ölkələrin ali hərbi məktəblərində öyrədilməsi Ulu Öndərin ordu quruculuğu sahəsində apardığı islahatların məntiqi nəticəsidir. Tarixi Zəfərimizin qazanılmasında uzaqgörən siyasətçinin vaxtilə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi məktəbin yetirmələrinin xüsusi rolu olmuşdur. Hazırda sərhədlərimizi qoruyan hərbçilər, Hadrutda, Kəlbəcərdə yaradılan komando hərbi birləşmələri arasında bu məktəbin davamçıları, yüksək rütbəli zabitlər vardır. Regionda ilk olan qüdrətli «komandolar» Azərbaycan Ordusunun fəxridir.
X. Xanlarov fikrinə əlavə edərək deyib ki, Ulu Öndərin xalqımızın qamətini düzəldəcək, ayağa qalxacağı, gücünü birləşdirəcəyi, müasir ordusunu yaradacağı ilə bağlı istəklərini reallaşdıran Prezident İlham Əliyev Ali Baş Komandan kimi 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa vuraraq, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Ulu Öndərin ruhu rahatlıq tapdı. Başqa sözlə, deyilsə ata vəsiyyətinə sədaqətini xalqımızın illərdən bəri torpaq həsrətinə son qoymaqla bildirən Müzəffər Ali Baş Komandan müstəqil dövlətini, ərazilərinini bundan sonra da göz bəbəyi kimi müdafiə etmək qüdrətindədir.
Bu gün Azərbaycan dünyanın sayılıb-seçilən, söz sahibinə malik ölkələrindən biridirsə, bu uğurların əsası məhz 1993-cü ildən qoyulub. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti sayəsində Azərbaycan hazırda sürətli inkişaf yolu ilə inamla irəliləyir.
aia.az
Bayram Xudayarov